Bu il yanvarın 1-nə Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (MKOS) verilən kreditlərin həcmi 2022-ci ilin əvvəli ilə müqayisədə 28 % artaraq 5,7 milyard manata çatıb.
Azərbaycanda biznes kreditlərinə görə subsidiya verilməsi müddəti artırılıb - FƏRMAN
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi” hesabatında bildirilib.
Hesabata görə, nəticədə, MKOS-lara verilmiş kreditlərin bankların və digər kredit təşkilatların biznes portfelində payı 50%-i ötüb. "Müsbət artım tempinə səbəb olan amillərdən biri MKOS-lar üzrə standartların yumşaldılmasıdır", - hesabatda deyilir.
AMB bildirir ki, MKOS subyektlərinin kreditləşməsində bankların öz vəsaitlərinin payı artmaqdadır. Son illərdə bankların öz vəsaitləri hesabına MKOS subyektlərinin maliyyələşməsində aktiv iştirakı müşahidə edilir. Belə ki, 2022-ci ilin əvvəlindən etibarən bankların öz vəsaiti hesabına verilmiş kreditlərin həcmi 35 % (1,3 milyard manat) artaraq 5 milyard manata çatıb. Nəticədə, bankların öz vəsaiti hesabına MKOS subyektlərinə verilmiş kreditlərinin biznes portfelində xüsusi çəkisi 5 faiz bəndi artaraq 89 % olub.
MKOS-ların maarifləndirmə imkanlarının təşviqi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı fəaliyyət istiqamətləri “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb. (Report)