Azərbaycanda qida yağlarında qiymət artımları davam edir və əsasən də duru yağlarda artım daha çox nəzərə çarpır.
Eləcə də bax: Xaricdən gətirilən kərə yağı bahalaşıb - QİYMƏTLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, 2022-ci ilin may ayında xaricdən idxal olunub, bazarda satılan günəbaxan yağı aylıq müqayisədə 5.1%, illik müqayisədə isə 34.9% artıb bir litri 5.61 manata yüksəlib. Yerli istehsal günəbaxan yağının qiyməti isə 2.4%, illik müqayisədə isə 30.3% bahalaşıb, litri 4.98 manat olub.
Xaricdən idxal olunan qarğıdalı yağının qiyməti də bahalaşıb. Dövlət Statistika Komitəsi bildirir ki, onların bir litri 6.84 manata satılır. Bu da aylıq 4.3%, illik isə 22.3% bahalaşıb. Lakin onu da bildirməliyik ki, xaricdən idxal olunan qarğıdalı yağlarının böyük hissəsi real olaraq bazarda litri 8 manatdan yuxarı satılmaqdadır. Yerli istehsal olan qarğıdalının bir aydakı qiyməti 1.9%, illik isə 16.2% bahalaşmaqla 6.09 manat/litr təşkil edib.
Kərə yağının qiymət artımında bir qədər soyuma müşahidə edilməkdədir. Məsələn may ayında yerli istehsal kərə yağının bir kq-ı orta ölçüdə 18.38 manat olub, bu da aylıq 0.4%, illik 11% bahalaşmadır. Xarici istehsal olanlar isə aylıq 1.8%, illik 16.2% bahalaşma ilə kiloqramı 19.38 manat olub.