Bu ilin ilk altı ayı üzrə, ötən ilin müvafiq dövrü ilə müqayisədə pivə istehsalı 4,2%, tütün məhsullarının istehsalı isə 48,5% artıb.
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, müvafiq olaraq qeyd edilən məhsullar üzrə digər vergilərlə yanaşı aksiz vergisi üzrə də ödənişlər artıb.
"Dövlət Vergi Xidməti tərəfindən aksizli malların istehsalı və dövriyyəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu sektor üzrə vergi daxilolmalarında yüksək artım dinamikası müşahidə olunur. Alkoqollu içki, tütün məmulatlarının istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicilərinin ümumi vergi ödənişləri 2017-ci ildə 126,6 mln. manat, 2018-ci ildə 179,7 mln. manat, 2019-cu ildə 338,5 mln. manat, cari ilin 6 ayı ərzində isə 278,4 mln. manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə ödəmələr üzrə 166,3 mln. manat, faiz nisbəti ilə isə 148 faiz artımın olduğu deməkdir. Müqayisə üçün təkcə aksiz vergisi üzrə daxilolmalar 2017-ci ildə 22,4 mln. manat, 2018-ci ildə 48,4 mln. manat, 2019-cu ildə 197,4 mln. manat, cari ilin 6 ayı ərzində isə 164,3 mln. manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 105,9 mln. manat, faiz nisbəti ilə isə 181 faiz artımın olduğu deməkdir."- məlumatda qeyd olunub.
Pandemiya dövründə ictimai-iaşə obyektlərinin bağlı olmasına baxmayaraq, istehsal edilən pivənin həcmi ötən dövrlə müqayisədə 1,004 min litr çox olub. Pivə istehsalçıları tərəfindən məhsullar iri ticarət şəbəkələrində hazır qablaşdırılmış məhsullarla yanaşı süzülmə üsulu ilə də istehlakçılara təqdim edilməsi nəticəsində mümkün oldu. (Apa)