Azərbaycan demək olar ki, bütün iqtisadi göstəricilərdə Ermənistanı üstələyir.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 13-də keçirilən müşavirədə Azərbaycanda Ermənistanın iqtisadi göstəricilərini müqayisə edib. Dövlət başçısı bildirib:
«İndi əsas makroiqtisadi göstəricilərə diqqət yetirirəm.
Beləliklə, 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollardır, Ermənistanda isə cəmi 13 milyard dollar. Alıcılıq qabiliyyətinə görə Azərbaycan 187 milyard dollar daxili məhsula sahibdir, Ermənistan 33 milyard, fərq 5,6 dəfədir. Adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda 4500 dollardır. Alıcılıq qabiliyyətinə görə adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18 min 600 dollar, Ermənistanda 11 min dollardır.
Valyuta ehtiyatları Azərbaycanda 51 milyard dollar, Ermənistanda 2 milyard dollardır, fərq 25 dəfədir.
Xarici ticarət dövriyyəsi Azərbaycanda 33,6 milyard, Ermənistanda 7,4 milyard dollardır, fərq 4,5 dəfədir. İxrac - Azərbaycan 19,6 milyard, Ermənistan 2,4 milyard, fərq 8,1 dəfədir. Müsbət saldo Azərbaycanda 6 milyard dollar, Ermənistanda mənfi saldo 2,6 milyard dollardır.
Sərmayə qoyuluşu - keçən il Azərbaycana 13,5 milyard dollar qoyulubdur, Ermənistana 900 milyon, fərq 15 dəfədir.
Xarici dövlət borcu - Azərbaycanın xarici dövlət borcu 7,9 milyard dollar, Ermənistanın 6 milyard dollardır. Azərbaycanda xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir, Ermənistanda 40 faizdən çoxdur.
Valyuta ehtiyatları Azərbaycanda xarici dövlət borcundan 6,4 dəfə çoxdur, Ermənistanda xarici dövlət borcu valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollardır.
Əməkhaqları və pensiyalara dair məlumatı təqdim edirəm. Beləliklə, 2019-cu ilin dekabr ayında Azərbaycanda orta əməkhaqqı 723 manat - bu, 425 dollar təşkil edir, Ermənistanda 369 dollar. Alıcılıq qabiliyyətinə görə orta əməkhaqqı üzrə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiya Azərbaycanda 200 manat, yəni 118 dollar, Ermənistanda 55 dollardır.
Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni axırıncı yerdədir.
Orta pensiya Azərbaycanda 262 manat, yəni 154 dollar, Ermənistanda 84 dollardır. MDB-də orta pensiyaya görə Azərbaycan dördüncü, Ermənistan səkkizinci yerdədir. Orta pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistan axırıncı – onuncu yerdədir. Yoxsulluq səviyyəsi Azərbaycanda 4,8 faiz, Ermənistanda 24 faizdir, fərq beş dəfədir.
Şəhid ailələrinə və müharibə əlillərinə 2019-cu ildə Azərbaycanda 934 mənzil verilibdir, Ermənistanda sıfır. Bütövlükdə Azərbaycanda bu kateqoriyadan olan insanlara 7590 mənzil verilib, Ermənistanda, bildiyimə görə, belə proqram mövcud deyil. Təkcə keçən il bu kateqoriyadan olan insanlara 600 avtomobil verilib, Ermənistanda sıfır. Bütövlükdə bu kateqoriyadan olan insanlara 6750 avtomobil verilib, Ermənistanda sıfır.
Keçirik Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatına.
Beləliklə, 2019-cu ildəki bəzi rəqəmləri təqdim etmək istərdim. İqtidarın uzunmüddətli strategiyasına görə Azərbaycan dünyada onuncu, Ermənistan 59-cu yerdədir. İqtidarın siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci, Ermənistan 58-ci yerdədir. Məhkəmə azadlığı - Azərbaycan 39-cu, Ermənistan 67-ci yerdədir.
Polis orqanlarına etimad - Azərbaycan 30-cu, Ermənistan 44-cü yerdədir. Yolların keyfiyyəti - Azərbaycan 27-ci, Ermənistan 91-ci yerdədir. Dəmir yolu xidmətlərinin səmərəliliyi - Azərbaycan dünya miqyasında 11-ci, Ermənistan 67-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi - Azərbaycan 12-ci, Ermənistan 67-ci yerdədir. İnternet istifadəçilərinin sayına, yəni əhali üzrə payına görə faizlə Azərbaycan 43-cü, Ermənistan 77-ci yerdədir. Əhali arasında rəqəmsal biliklər üzrə Azərbaycan 19-cu, Ermənistan 50-ci yerdədir. Ümumi daxili məhsul, alıcılıq qabiliyyəti pariteti üzrə Azərbaycan 69-cu, Ermənistan 120-ci yerdədir».