Dövlət Statistika komitəsi Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatların sayını açıqlayıb. FED.az hesabata istinadən xəbər verir ki, bu ilin 9 ayında ölkədə mövcud olan müəssisə və təşkilatların sayı 127 221 ədəd olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10% və ya 11 570 ədəd artım deməkdir.
Komitənin məlumatına görə, ölkədə mövcud olan müəssisə və təşkilatların 10 490-u dövlət, 1 706-sı bələdiyyə, qalan 115 025-i isə xüsusi mülkiyyətlidir. 2017-ci ilə nisbətən dövlət müəssisələrinin sayında 37 ədəd azlama müşahidə edilib. Xüsusi mülkiyyətdə isə 1 il ərzində artım 11 604 ədəd olub.
Hazırda ölkədəki şirkətlərin 6,19%-i və ya 7 880-i xarici investisiyalı müəssisələrdir. Birgə müəssisələr isə 2 392 ədəd olub.
2018-ci ilin 9 ayında ölkədə 9 254 yeni şirkət yaradılıb. Bunların 91-i və ya 1%-i dövlət, 2-si bələdiyyə, 9161-i isə xüsusi mülkiyyətli müəssisələrdir. Yeni yaradılan şirkətlərin təqribən 9,9%-i tam xarici investisiyalı, 2,1 faizi birgə müəssələrdir.
2018-ci ilin 9 ayında ölkədə 469 şirkət bağlanıb ki, bunun da 60 dövlət, qalan 409-u isə xüsusi mülkiyyətli müəssisələrdir.
Bu il xarici kapitallı 918 şrkət yaradılıb, 52 şirkət isə ləğv edilib. Xarici kapitallı müəssisələrin sayında isə 1 il ərzində 16,2% artım qeydə alınıb.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində ləğv edilmiş müəssisə və təşkilatların
25,2 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”,
13,4 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”,
10,2 faizi “Peşə, elmi və texniki fəaliyyət”,
7,5 faizi “Tikinti”,
6,8 faizi “Emal sənayesi”
5,3 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” sahələrinin,
qalanları isə digər bölmələrin payına düşür.
Bu dövrdə yeni yaradılmış müəssisə və təşkilatların
34,3 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”,
25,0 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”,
6,7 faizi “Tikinti”,
6,4 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”,
5,2 faizi “Peşə, elmi və texniki fəaliyyət”,
4,6 faizi “Emal sənayesi” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.