Azərbaycanda nağdsız ödəmələrin əhatə dairəsinin daha da genişlənəcəyi gözlənilir.
FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Əlaqələndirmə və idarəetmə departamentinin baş direktorunun müavini Ömər Cəfərov bildirib.
Onun sözlərinə görə, ölkədə nağdsız əməliyyatların dövriyyəsinin artırılması dövlətin qarşıya qoyduğu əsas hədəflərdəndir və qarşıdakı illərdə bu istiqamətdə işlərin daha da genişləndirilməsi nəzərdə tutulur: «Cəmiyyətdə kartla ödəniş vərdişlərinin artırılması vacibdir. İnkişaf etmiş ölkələrdə plastik kartlarla həyata keçirilən ödənişlərin payı 50-60% arasında, bəzi ölkələrdə 80%-dən çox olsa da, Azərbaycanda bu rəqəm 10-11% həddindədir. Amma ölkəmizdə nağdsız ödənişlərin inkişafı üçün böyük imkanlar mövcuddur. «Nağdsız ödənişlər haqqında» Qanuna uyğun olaraq, bu prosesdə iştirak edən bütün tərəflər, o cümlədən banklar tərəfindən sağlam rəqabətlilik şəraitində müştərilərə daha əlverişli və rahat ödəniş üsullarının təqdim olunması davam etdiriləcəkdir. Yaxın gələcəkdə ölkəmizdə «NFC» (Near Field Communication), «Apple Pay» və «Samsung Pay» kimi ödəniş platformalarının yaradılması üzrə müzakirələr aparılacağı gözlənilir. Nağdsız ödəniş və elektron xidmətlər sahəsində çoxsaylı tədbirlər həyata keçirən Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi və digər dövlət qurumlarının fəaliyyəti bir daha təsdiqləyir ki, qarşıya qoyulmuş strateji vəzifələrin öhdəsindən uğurla gəlinəcək».
Azərbaycanda nağd ödənişlər bir az da çətinləşəcək
13:38
8 Noy 2017