Prezident İlham Əliyev “Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. FED.az xəbər verir ki, qanuna edilən dəyişikliklərə əsasən müflisləşmə prosesi daha da sadələşdirilib. Qanuna dəyişikliklər bundan ibarətdir :
“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 460; 2001, № 1, maddə 25, № 6, maddə 362; 2002, № 5, maddə 241; 2006, № 3, maddə 225; 2007, № 5, maddə 401; 2008, № 5, maddə 348; 2010, № 4, maddə 276; 2015, № 4, maddə 355, № 11, maddə 1260; 2017, № 3, maddə 332, № 5, maddə 736; 2018, № 4, maddə 652, № 12, I kitab, maddə 2529; 2019, № 1, maddə 28) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci maddənin 2-ci hissəsinin dördüncü abzasında “fiziki və hüquqi şəxslərə” sözləri “müəssisəyə və fərdi borcluya” sözləri ilə əvəz edilsin.
2. 3-cü maddənin “a”, “b”, “c” bəndləri aşağıdakı redaksiyada verilsin:
a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir;
b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir;
c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.”.
3. 9-cu maddə üzrə:
3.1. 1-ci hissənin birinci cümləsi çıxarılsın və ikinci cümlədə “Elanda” sözü “İflas haqqında iş üzrə məhkəmə baxışı barədə elanda” sözləri ilə əvəz edilsin;
3.2. 2-ci hissədə “maddənin 1-ci bəndinə” sözlərindən sonra “və bu Qanunun 10-1-ci maddəsinə” sözləri əlavə edilsin;
3.3. 3-cü hissə ləğv edilsin;
3.4. 4-cü hissənin birinci cümləsində “nəzərdə tutulmuş elan mətbuatda ilk dəfə dərc edilməzdən” sözləri “və bu Qanunun 10-1-ci maddəsində nəzərdə tutulmuş qaydada elanın dərc edilməsindən” sözləri ilə əvəz edilsin.
4. 10-cu maddənin 1-ci hissəsinin birinci cümləsində “sonra” sözündən sonra “və bu Qanunun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada qərar elan edilənədək” sözləri əlavə edilsin.
5. Aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:
“Maddə 10-1. İflas haqqında iş üzrə məhkəmə baxışı
İflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir.”.
6. 12-ci maddənin məzmunu aşağıdakı redaksiyada verilsin:
“Bu Qanunun 10-1-ci maddəsində nəzərdə tutulmuş qaydada iflas haqqında iş üzrə məhkəmənin müvafiq qərarından şikayətin verilməsi borclunun əmlakının satışının və kreditorlara ödənişlərin dayandırılmasına səbəb olur.”.
7. 14-cü maddənin birinci hissəsinin üçüncü cümləsində “qanuni qüvvəyə minməsi tarixi” sözləri “qəbul edildiyi tarix” sözləri ilə əvəz edilsin.
8. 20-ci maddənin 4-cü hissəsinin “d” bəndi ləğv edilsin.
9. 28-ci maddənin 3-cü hissəsində “3 aylıq fasilə ilə və ya məhkəmənin müəyyən etdiyi başqa qaydada” sözləri “2 (iki) aylıq fasilə ilə və ya məhkəmənin müəyyən etdiyi daha qısa müddətdə” sözləri ilə əvəz edilsin.
10. 37-ci maddənin 2-ci hissəsinin ikinci cümləsində “qanunvericilikdə nəzərdə tutulmuş müddətdə” sözləri “10 (on) gün müddətində” sözləri ilə əvəz edilsin.
11. 41-ci maddənin 7-ci hissəsinin ikinci cümləsində “mövcud vəziyyətə uyğun olan” sözləri “bu Qanunun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.
12. 41-1-ci maddə üzrə:
12.1. 1-ci hissənin ikinci cümləsində “üç ay” sözləri “2 (iki) ay” sözləri ilə əvəz edilsin;
12.2. 5-ci hissəyə aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilsin:
“Hər bir kreditorlar qrupu daxilində səsvermədə yalnız sağlamlaşdırma planının qəbulu nəticəsində hüquqlarına təsir göstərən kreditorlar iştirak edir. Kreditorlar qrupu daxilində sağlamlaşdırma planının əleyhinə səs vermiş, yaxud səsvermədə iştirak etməmiş kreditorların hüquqları sağlamlaşdırma planının lehinə səs vermiş kreditorların hüquqları ilə bərabər, növbəlilik qaydasında təmin edilir.”;
12.3. aşağıdakı məzmunda 12-ci və 13-cü hissələr əlavə edilsin:
“12. Sağlamlaşdırma planının təsdiqinə dair işə məhkəmə tərəfindən bu Qanunun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada baxılır.
13. Sağlamlaşdırma planının təsdiqinə dair məhkəmə qərarında aşağıdakılar göstərilir:
a) borclunun adı, onun olduğu yer, bank hesabları haqqında məlumatlar, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, müdirinin soyadı, adı, atasının adı, əlaqə nömrəsi;
b) sağlamlaşdırma planının təsdiqi;
c) sağlamlaşdırma prosesinin müddəti;
ç) sağlamlaşdırma prosesində iştirak edən kreditorların siyahısı;
d) sağlamlaşdırma planına daxil edilmiş eyni növdən olan kreditorlar qrupunun (qruplarının) tələblərinin həcmi;
e) sağlamlaşdırma planının təsdiq edilməsinin bu Qanunun 41-2-ci maddəsində nəzərdə tutulan nəticələri;
ə) sağlamlaşdırma planının icrası ilə bağlı hesabatın təqdim edilməsi müddəti.”.
13. 45-ci maddə üzrə:
13.1. 3-cü hissənin ikinci cümləsindən “ən azı” sözləri çıxarılsın;
13.2. 4-cü hissədə “baxılma müddətini təyin edir və bu barədə” sözləri “10 (on) gün müddətində baxır və iclasın tarixi ilə bağlı” sözləri ilə əvəz edilsin.
14. 46-cı maddə üzrə:
14.1. 2-ci hissənin ikinci cümləsində “Məhkəmə:” sözü “İşə 5 (beş) iş günü müddətində baxaraq, məhkəmə:” sözləri ilə əvəz edilsin;
14.2. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:
“2-1. Məhkəmə bu maddənin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan qərarı qəbul etdikdə əmlak inzibatçısı dəyişikliklər edilmiş borc tələblərinin reyestrini məhkəməyə 7 (yeddi) gün müddətində təqdim etməlidir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel 2019-cu il.