Azərbaycanda müasir tələblərə cavab verən əyar laboratoriyalarının yaradılması, onların beynəlxalq standartlara uyğun avadanlıqlarla təchiz edilməsi, eləcə də ixtisaslı kadr potensialının gücləndirilməsi prioritetdir.
FED.az Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumda "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin nümayəndə heyəti ilə keçirilmiş görüşdə məlumat verilib.
Məlumata görə, görüşdə həmçinin ölkənin müxtəlif iri zərgərlik obyektlərini və istehsal sahələrini təmsil edən sahibkarlıq subyektlərinin nümayəndələri də iştirak ediblər.
Agentlik sədrinin müşaviri İlqar Həsənov və Assosiasiyanın İdarə Heyətinin sədri Toğrul Abbasquliyevin iştirakı ilə ölkədə keyfiyyət infrastrukturunun inkişafı, xüsusilə əyar nəzarəti sisteminin formalaşdırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Agentliyin əyar nəzarətinin təşkili ilə əlaqədar bugünədək gördüyü işlər, eləcə də maddi-texniki bazanın qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Müzakirələr zamanı əyar mexanizminin hüquqi çərçivəsi və qiymətli metallardan hazırlanmış məmulatların əyarlanması və damğalanması məsələlərindən bəhs edilib. Qeyd olunub ki, bu istiqamətdə atılan addımlar zərgərlik sektorunda bazar iştirakçıları üçün əlverişli mühitin formalaşdırılmasına, istehlakçı hüquqlarının qorunmasına və sağlam rəqabət mühitinin formalaşdırılmasına xidmət edəcək.











