Azərbaycana gətirilən malların gömrük dəyərinin müəyyən edilməsindəki problemlər yenidən gündəmə gəlib.
Malların gömrükdən buraxılışı təkmilləşdirilir, müraciətə - 1 gün müddətində baxılacaq
FED.az xəbər verir ki, dekabrın 20-də Bakıda keçirilmiş “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirələrdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti, Naxçıvan MR Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bu problemlərin həmişə qaldırıldığını, amma bir nəticəsinin olmadığını bildirib.
“Bu istiqamətdə risklər bizə aydındır. Bəzən gömrükdə risklərin aradan qaldırılmasına yönəlmiş yanaşmalar tam şəffaf işləyən, sənədlərini, mallarının qiymətlərini düzgün təqdim edən sahibkarın fəaliyyətinə mənfi təsir göstərir, rəsmiləşmənin uzanmasına, sahibkarların narazı qalmasına səbəb olur. Bu məsələdə xüsusi yanaşmaya ehtiyac var. İnvoys qiymətlərində dəyişiklik edən iş adamları ilə şəffaf işləyən iş adamları bir-birindən fərqləndirilməlidir. Artıq uzun müddət fəaliyyət göstərən sahibkarlar ölkəmizdə kifayət qədərdir”, – deyə o qeyd edib.
Malın gömrük dəyərinin müəyyən edilməsinin xarici ticarətlə məşğul olan sahibkarlar üçün ən həssas məsələ olduğunu desək, yəqin ki, yanılmarıq. Çünki onlar gömrük rüsumunu ölkəyə gətirdikləri mala qoyulan qiymət əsasında ödəyirlər. Təcrübə isə göstərir ki, əksər hallarda iş adamlarının təqdim etdikləri invoyslarda göstərilən qiymətlər gömrük əməkdaşlarını qane etmir və onlar bunun üçün bazara müraciət edirlər. Bu isə sahibkarları narazı salır. Qeyri-müəyyənlikdən ən çox əziyyət çəkənlər isə avtomobil biznesi ilə məşğul olanlardır. Onlar bəzən Avropadan 1 000 – 2 000 avroya aldıqları maşınlara gömrükdə dəfələrlə yüksək qiymət qoyulduğunu və buna uyğun rüsum ödədiklərini, son nəticədə avtomobillərin maya dəyərinin xeyli artdığını və sonradan onları satmaqda çətinlik çəkdiklərini iddia edirlər.
Bəs malın gömrük dəyərinə dair mübahisələrə necə son qoymaq olar?
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, malın gömrük dəyəri ilə bağlı problem daha çox qarşılıqlı inamsızlıqdan irəli gəlir: “Sahibkarlar vaxtilə aldıqları malın qiymətləri ilə bağlı sənədləri çox saxtalaşdırıb, bu da gömrük əməkdaşlarında onlara qarşı inamsızlıq yaradıb. 2015-ci ildən etibarən fiskal risklərin artması bu sahədə nəzarətin gücləndirilməsi təşəbbüslərini artırdı və hökumət gömrük gəlirlərindən yayınmaya qarşı mübarizədə alternativ dəyərin müəyyənləşdiriməsini bir alət kimi görməyə başladı. Başqa sözlə, problemin kökündə gömrük institutuna Azərbaycanda uçot aparan və nəzarəti təşkil edən strukturdan çox fiskal qurum kimi baxılması dayanır. Düşünürəm ki, burada kateqoriyalaşdırma aparmaq olar. Qlobal səviyyədə fəaliyyət göstərən şirkətləri bir siyahıya almaq olar, hansı ki, onların hansısa sənədi saxtalaşdırması ehtimalı yoxdur. Bir də risk qrupları formalaşdırmaq olar ki, onlara daxil olan şirkətlərdən alınmış məhsullara bir nəzarət monitorinq sistemi və yaxud alternativ dəyərin müəyyən edilməsi mexanizmi tətbiq edilsin”.
Ekspert qeyd edib ki, bütün sahibkarlara kütləvi şəkildə eyni yanaşma insanların bu istiqamətdə marjinal maraqlarına zərbədir: “Ticarətin özünəxas qaydaları var. Ticarətçi daimi marjinal dəyər arxasınca qaçır. Yəni o, məhsulları daha aşağı qiymətə haradan əldə edə biləcəyini, daha aşağı qiymətə necə idxal edə biləcəyini və haradan daha çox gəlir əldə edəcəyini düşünən şəxsdir. Təbii ki, məhsulların kütləvi alışı zamanı onları daha aşağı qiymətə almaq mümkündür. Bizim sistem isə bu ticarət növü ilə məşğul olan şəxslər üçün motivasiya itkisidir. Çünki burada sizin məhsulu haradan aldığınızın heç bir önəmi yoxdur, hər məhsula görə xüsusi standart qiymət formalaşdırılır. Belə idarəetmə və tənzimlənmə etibarsızlığın dərinləşməsinə gətirib çıxarır. Bu yanaşma ölkədə qiymətlərin optimallaşmasına da zərbə vurur. Əvvəlcədən müəyyən edilmiş qiymətlərlə rüsumların, verginin hesablanması və müəyyən edilməsi xərclərin artmasına gətirib çıxarır. Bu aspektlərin hamısı gözardı edilmədən sistemin təkmilləşdirilməsi ilə bağlı mövqeyin ortaya qoyulması zəruridir”.
Cənubi Koreyadan Azərbaycana avtomobil idxalı ilə məşğul olan iş adamı Elnar Rzazadə isə hesab edir ki, malın gömrük dəyərinin müəyyən edilməsi siyasəti yumşaldılmalıdır, xüsusilə maşınların gömrük dəyəri daxili bazar deyil, xarici bazar əsasında müəyyənləşdirilməlidir: “Gömrük əməkdaşları rəsmi qaydada, xarici istehsalçıdan alınmış avtomobillərin belə qiymətlərini yerli bazara uyğun müəyyən edərək, yüksək rüsum tələb edirlər. Bu, “Gömrük haqqında” qanunda olan bir maddə əsasında həyata keçirilir. Bu halda isə xaricdən gətirilmiş maşınların yekun qiyməti ölkə daxilində dilerlərin satdığı avtomobillərin qiymətlərindən çox olur. Yəni gömrükdə qiymət süni şəkildə artır və bu problemlə demək olar ki, bütün iş adamları üzləşir”.
“Biz avtomobil istehsal edən ölkə olsaq da, məhsullarımız beynəlxalq standartlara uyğun deyil. Bu halda idxal avtomobillərinə yüksək rüsum tətbiq etmək düzgün deyil. Türkiyədə də belədir, amma onlar keyfiyyətli məhsullar istehsal edirlər. Hazırda xaricdən 2-3 min ABŞ dollarına alınan avtomobil üçün eyni məbləğdə gömrük rüsumu tələb olunur. İri tutumlu avtomobillərin gömrük rüsumunun yüksək olması anlaşılandır. Bu tip avtomobillər ekologiya üçün zərərlidir. Lakin Azərbaycanda kiçik tutumlu avtomobillərin də gömrük rüsumu çox yüksəkdir”, – deyə sahibkar əlavə edib.
Hazırda Azərbaycanda idxal gömrük rüsumları üçpilləli – 0 %, 5 % və 15 % olmaqla tətbiq olunur. Yəni xammal 0 %, yarımfabrikatlar 5 %, hazır məhsullar isə 15 % rüsumla ölkəyə buraxılır. (Report)