2026-cı ilin ilk 3 ayında Azərbaycanda iqtisadi geriləmə qeydə alınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu Dövlət Statistika Kmitəsinin (DSK) açıqladığı məlumatlardan sonra məlum olub.
Komitənin məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda 29 milyard 703,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu dövrdə iqtisadiyyatın qeyri neft sektorunda 0,2% artım baş versə də, neft-qaz sektorunda 1,2 faiz geriləmə, ümumi iqtisadi geriləməyə səbəb olub.
Son 3 ayda nə baş verib?
Xatırladaq ki, ölkə iqtisadiyyatı 2025-ciili 1,4% illik artımla başa vurmuşdu, yanvar ayında iqtisadi artım bir az da sürətlənərək 1,7% olmuşdu. Yanvar-fevral aylarında ölkədə iqtisadi artım kəskin azalaraq 0,3%-ə enib. Nəhayət, ilk 3 ayın nəticələrinə görə, iqtisadi artım mənfiyə keçib.
İqtisadiyyat hansı sahələrə bölünüb?
DSK-nin məlumatına görə, hesabat dövründə Azərbaycanda ÜDM istehsalının 33,5 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 23,3 faizi digər xidmət sahələrinin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil etmişdir.
Artım və azalma olan sahələr
Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə informasiya və rabitə sahəsində 9,2 faiz, ticarət və avtomobillərin təmiri sahəsində 3,7 faiz, turizm və restoran sektorunda 2,9 faiz artım olub. Bundan başqa, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,5 faiz, digər xidmət sahələrində 0,3 faiz, kənd təsərrüfatı sahəsində 1,2 faiz və sənayedə 0,2 faiz artım baş verib.
Əvəzində tikintidə ümumilikdə 19,8 faiz geriləmə qeydə alınıb.














