Prezident İlham Əliyev “İnvestisiya fəaliyyəti haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmanda deyilir.
1. Müəyyən edilsin ki:
1.1. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 3.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq, dövlət qurumları tərəfindən investisiya fəaliyyətinin həyata keçirilməsi qaydasının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. həmin Qanunun 5.2.7-ci maddəsinə uyğun olaraq, investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və “bir pəncərə” prinsipi əsasında göstərilməsi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. həmin Qanunun 6-cı maddəsinə uyğun olaraq, investisiya fəaliyyətinin təşviqi ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli 834 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 26; 2006, № 7, maddə 590; 2008, № 3, maddə 174; 2009, № 12, maddə 988; 2010, № 3, maddə 187, № 7, maddə 610; 2014, № 5, maddə 477, № 7, maddə 821, № 10, maddə 1219; 2016, № 8, maddə 1384) 2.1-ci, 2.2-ci, 2.7-ci və 2.8-ci bəndləri ləğv edilsin.
5. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi və Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 521 nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 238 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 5, maddə 403; 2007, № 12, maddə 1246; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1104) 7.2-ci bəndindən “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsində və” sözləri çıxarılsın.
6. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 9 oktyabr tarixli 429-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 645 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 10, maddə 950) 2.1-ci bəndi ləğv edilsin.
***
İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 13-cü və 26-cı bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında investisiya fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, investorların hüquqlarının və qanuni maraqlarının qorunmasına təminat verir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Bu Qanunda istifadə olunan anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. investisiya fəaliyyəti – investorların Azərbaycan Respublikasının ərazisində investisiya qoyuluşu ilə bağlı olan hərəkətlərinin məcmusu;
1.1.2. investisiya – gəlir əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan pul vəsaitləri, qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar;
1.1.3. investor – Azərbaycan Respublikasının ərazisində investisiya fəaliyyətini həyata keçirən yerli və xarici investor;
1.1.4. yerli investor – investisiya fəaliyyətini həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasının hüquqi şəxsi;
1.1.5. xarici investor – investisiya fəaliyyətini həyata keçirən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlar, habelə xarici dövlət;
1.1.6. investisiya layihəsi – investisiya fəaliyyətinin həyata keçirilməsi üçün investisiya qoyuluşunu və onun icrasını şərtləndirən tədbirlərin məcmusu.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
Maddə 2. İnvestisiya fəaliyyəti sahəsində qanunvericilik
İnvestisiya fəaliyyəti sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 3. Bu Qanunun tətbiq dairəsi
3.1. Bu Qanun yerli və xarici investorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində həyata keçirilən investisiya fəaliyyətinə şamil edilir.
3.2. Bu Qanunun 9-cu maddəsi nəzərə alınmaqla, investisiya qoyulması investorun müstəsna hüququdur və qanunla qorunur.
3.3. Ələt azad iqtisadi zonasında investisiya fəaliyyəti “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
3.4. Dövlət qurumları tərəfindən həyata keçirilən investisiya fəaliyyəti bu Qanunun tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydaya uyğun olaraq tənzimlənir.
Maddə 4. İnvestisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsinin əsas prinsipləri
4.1. İnvestisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
4.1.1. mülkiyyətin toxunulmazlığı;
4.1.2. qanunçuluq;
4.1.3. insan və vətəndaş hüquq və azadlıqlarının qorunması və təmin edilməsi;
4.1.4. konfidensial məlumatların qorunması.
Maddə 5. İnvestisiya fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və əsas istiqamətləri
5.1. İnvestisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas məqsədi yerli və xarici investisiyalar hesabına dayanıqlı iqtisadi inkişafın təmin edilməsindən, rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin inkişaf etdirilməsindən, iqtisadiyyatda yeni texnologiyaların, innovasiyaların tətbiq olunmasından ibarətdir.
5.2. İnvestisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
5.2.1. əlverişli investisiya mühitinin formalaşdırılması, o cümlədən azad rəqabət mühitinin gücləndirilməsi;
5.2.2. investorların hüquqlarının və qanuni mənafelərinin, habelə investisiyaların qorunması;
5.2.3. investorlara investisiya fəaliyyətinin həyata keçirilməsi zamanı bərabər imkanların yaradılması;
5.2.4. investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinin sabitliyinin təmin edilməsi;
5.2.5. dövlət əmlakının özəlləşdirilməsi, restrukturizasiyası və sağlamlaşdırılması;
5.2.6. iqtisadiyyatın prioritet sahələrində investisiya layihələrinin dəstəklənməsi;
5.2.7. investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və “bir pəncərə” prinsipi əsasında göstərilməsi.
Maddə 6. İnvestisiya fəaliyyətinin təşviqi
6.1. Dövlət investisiya fəaliyyətinin təşviqi məqsədilə aşağıdakı tədbirləri həyata keçirir:
6.1.1. vergi və digər dövlət ödənişləri üzrə güzəştlərin müəyyən edilməsi;
6.1.2. güzəştli şərtlərlə kreditlərin verilməsi;
6.1.3. xüsusi iqtisadi zonaların, sənaye parklarının və digər rejimli zonaların yaradılması;
6.1.4. dövlət-özəl tərəfdaşlığı mexanizminin genişləndirilməsi;
6.1.5. yerli və xarici investorlara Azərbaycan Respublikasının investisiya potensialı, habelə investisiya fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları, investisiya layihələri və potensial tərəfdaşlar barədə onlayn platformalar vasitəsilə məsləhət və məlumatların verilməsi, bu sahədə müvafiq tədbirlərin təşkili;
6.1.6. investisiya fəaliyyətinin təşviqi məqsədini daşıyan digər tədbirlər.
Maddə 7. İnvestisiya fəaliyyəti sahəsində prioritetlər
7.1. İnvestisiya fəaliyyəti sahəsində aşağıdakı investisiya layihələri üzrə bu Qanunun 6-cı maddəsində nəzərdə tutulan investisiya təşviqi tədbirlərinə üstünlük verilir:
7.1.1. iqtisadiyyatın texnoloji tutumunu artıran, innovasiyaların tətbiqinə və inkişafına yönələn investisiya layihələri;
7.1.2. ekoloji təmiz texnologiyaların tətbiqinə əsaslanan, ətraf mühitin sağlamlaşdırılmasını, təbii sərvətlərdən səmərəli istifadəni nəzərdə tutan investisiya layihələri;
7.1.3. əhalinin sağlam həyat tərzinin inkişafını dəstəkləyən investisiya layihələri;
7.1.4. sosial infrastrukturun və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına yönələn investisiya layihələri;
7.1.5. müasir tələblərə uyğun bilik və bacarıqların formalaşmasını şərtləndirən investisiya layihələri;
7.1.6. regionların inkişafını dəstəkləyən investisiya layihələri.
Maddə 8. İnvestisiya fəaliyyətinin həyata keçirilməsi formaları
8.1. İnvestisiya fəaliyyəti aşağıdakı formalarda həyata keçirilə bilər:
8.1.1. hüquqi şəxslərin yaradılması və yenidən təşkili;
8.1.2. hüquqi şəxslərdə iştirak paylarının (səhmlərin) əldə edilməsi;
8.1.3. xarici hüquqi şəxsin Azərbaycan Respublikasında filial və nümayəndəliyinin təşkili;
8.1.4. fərdi sahibkarlıq;
8.1.5. investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin bağlanması;
8.1.6. əmlakın, o cümlədən əmlak hüquqlarının və pul dəyəri olan digər hüquqların əldə edilməsi;
8.1.7. bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlarda qadağan olunmayan digər formalar.
Maddə 9. İnvestisiya fəaliyyətinin xüsusiyyətləri
İnvestisiya fəaliyyəti sahəsində bu Qanunun 2-ci maddəsində nəzərdə tutulan qanunvericiliyin tələbləri nəzərə alınmaqla, bütün sahibkarlıq fəaliyyəti obyektlərinə investisiya qoyuluşuna yol verilir.
2-ci fəsil
İnvestorların hüquqları və vəzifələri
Maddə 10. İnvestorların hüquqları
10.1. İnvestorlar aşağıdakı hüquqlara malikdirlər:
10.1.1. investisiya fəaliyyətinin həyata keçirilməsi formasını, investisiyanın həcmini, sahibkarlıq fəaliyyəti sahəsini və formasını sərbəst müəyyənləşdirmək;
10.1.2. investisiya fəaliyyətinin qanunla qadağan edilməyən maliyyələşmə mənbələrini sərbəst müəyyənləşdirmək;
10.1.3. bu Qanunun tələbləri və investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin şərtləri nəzərə alınmaqla, istənilən vaxt investisiya fəaliyyətini dayandırmaq və ya ona xitam vermək;
10.1.4. investisiya fəaliyyətindən əldə etdiyi gəlirlərə, istehsal etdiyi mallara, gördüyü işlərə və göstərdiyi xidmətlərə, əmlaka, o cümlədən əmlak hüquqlarına və pul dəyəri olan digər hüquqlara malik olmaq;
10.1.5. investisiya fəaliyyətindən əldə etdiyi gəlirləri yenidən investisiya etmək;
10.1.6. xarici investorlara münasibətdə bu Qanunun 14-cü maddəsinə uyğun olaraq, investisiya fəaliyyətindən əldə edilən gəlirlərin və digər vəsaitlərin vergiləri və digər dövlət ödənişlərini ödədikdən sonra “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə və investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə uyğun olaraq sərbəst dönərli valyutada və ya digər formada xarici ölkəyə köçürmək;
10.1.7. dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək;
10.1.8. dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan və açıqlanması qanunla qadağan edilməyən məlumatlar əldə etmək;
10.1.9. bu Qanunda və investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.
Maddə 11. İnvestorların vəzifələri
11.1. İnvestorların vəzifələri aşağıdakılardır:
11.1.1. lisenziya və ya icazə alınması tələb olunan fəaliyyət növlərini “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;
11.1.2. qanunla müəyyən edilmiş vergiləri və digər dövlət ödənişlərini əməliyyatların həyata keçirildiyi vaxt qüvvədə olan qanunlara uyğun olaraq ödəmək;
11.1.3. əhalinin həyat və sağlamlığının, ətraf mühitin, tarixi və mədəniyyət abidələrinin qorunması, şəhərsalma və tikinti sahələrində, əmək qanunvericiliyinin tələblərinə, texniki təhlükəsizlik, malların (işlərin, xidmətlərin) təhlükəsizliyi, yanğın və radiasiya təhlükəsizliyi, habelə dövlət təhlükəsizliyi sahəsində məcburi tələblərə əməl etmək;
11.1.4. haqsız rəqabətə yol verməmək, habelə digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə ziyan vurmamaq;
11.1.5. bu Qanunda və investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə nəzərdə tutulan digər vəzifələrə əməl etmək.
11.2. İnvestorların üzərinə Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmayan vəzifələrin qoyulması qadağandır.
3-cü fəsil
İnvestisiya fəaliyyətinə dövlət tərəfindən verilən təminatlar
Maddə 12. İnvestorlara və onların investisiyalarına tətbiq olunan rejim
12.1. Dövlət tərəfindən investorların bu Qanunla nəzərdə tutulmuş hüquq və azadlıqlarının qorunmasına təminat verilir, investorlara və onların investisiyalarına qarşı əsassız və ayrı-seçkilik yaradan münasibət, hədə-qorxu, təqib və zorakılıq qadağan edilir.
12.2. Bu Qanunun 9-cu maddəsi nəzərə alınmaqla, oxşar vəziyyətlərdə xarici investorlara və onların investisiyalarına yerli investorlara və onların investisiyalarına tətbiq edilən rejimdən az əlverişli olmayan rejim (milli rejim) tətbiq edilir.
12.3. Bu Qanunun 9-cu maddəsi nəzərə alınmaqla, oxşar vəziyyətlərdə bir xarici investora və onun investisiyasına digər xarici investorlara və onların investisiyalarına tətbiq edilən rejimdən az əlverişli olmayan rejim (ən əlverişli rejim) tətbiq edilir.
12.4. Bu Qanunun 12.2-ci və 12.3-cü maddələrində nəzərdə tutulan rejimlərin tətbiqi ayrı-seçkiliyə yol verilməməsi və qərəzli tətbiq edilməməsi şərtilə insanların həyat və sağlamlığının, ətraf mühitin, ictimai asayişin, o cümlədən mühüm təhlükə yarandığı hallarda dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının qorunması sahəsində Azərbaycan Respublikasının qanunlarının tətbiqinə xələl gətirmir.
Maddə 13. Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınmasına qarşı təminat
13.1. İnvestisiyanın dövlət ehtiyacları üçün alınması, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 209-cu maddəsi ilə nəzərdə tutulan rekvizisiya istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində investisiyanın və investisiya qoyuluşunun investorun razılığı olmadan alınmasına və milliləşdirilməsinə yol verilmir.
13.2. İnvestisiyanın milliləşdirilməsi və dövlət tərəfindən alınması zamanı ayrı-seçkiliyə yol verilmir.
13.3. Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınması əvəzində investorlara “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu Qanunun 13.4-cü maddəsi nəzərə alınmaqla kompensasiya ödənilir.
13.4. Bu Qanunun 13.3-cü maddəsinə uyğun olaraq ödəniləcək kompensasiya investisiyanın milliləşdirilməsi və ya dövlət tərəfindən alınmasından və ya bunların ictimaiyyətə məlum olmasından (hansı daha tez baş verərsə) sonra bilavasitə əvvəlki vaxtda investisiyanın ədalətli bazar dəyərinə uyğun müəyyən olunur və gecikdirilmədən xarici investisiya üçün sərbəst dönərli valyutada, yerli investisiya üçün isə investisiyanın qoyulduğu valyutada ödənilir.
Maddə 14. İnvestisiya gəlirlərinin köçürülməsinə dair təminatlar
14.1. Bu Qanunun 14.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, investisiya gəlirlərinin “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sərbəst dönərli valyutada Azərbaycan Respublikasından xaricə təxirə salınmadan və sərbəst köçürülməsinə təminat verilir.
14.2. Bu Qanunun 14.1-ci maddəsinə uyğun olaraq xaricə sərbəst şəkildə köçürülən məbləğlərə aşağıdakılar daxildir:
14.2.1. mənfəət, dividendlər, faizlər, royaltilər və digər gəlirlər;
14.2.2. investisiyanın tam və ya qismən satışından və ya digər şəkildə özgəninkiləşdirilməsindən, yaxud investisiya fəaliyyətinə tam və ya qismən xitam verilməsindən irəli gələn qazanc;
14.2.3. kompensasiya və zərərin ödənilməsi üzrə məbləğlər;
14.2.4. əməkçi miqrantların investisiya ilə əlaqədar əldə etdikləri qazanc;
14.2.5. bu Qanunla qadağan olunmayan digər ödəmələr.
14.3. Köçürmələr müflisləşmə və iflas sahəsində kreditorların hüquqlarının müdafiəsi, cinayət və ya inzibati məsuliyyətdən irəli gələn, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, vergi və digər dövlət ödənişlərinin ödənilməsi, məhkəmə qərarlarının icrası sahəsində normativ hüquqi aktların tələblərinə uyğun olaraq ayrı-seçkiliyə və qərəzliliyə yol verilmədən təxirə salına və ya məhdudlaşdırıla bilər.
Maddə 15. Mübahisələrin həlli
15.1. Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları ilə investorlar arasında investisiya fəaliyyəti ilə əlaqədar mübahisələr danışıqlar yolu ilə, inzibati qaydada, tərəflərin qarşılıqlı razılaşması əsasında məhkəmədən kənar digər yollarla və ya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilə bilər.
15.2. Tərəflər arasında hər hansı digər razılıq olmadığı halda, habelə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulan hüquqi müdafiə vasitələri bitdikdən sonra Azərbaycan Respublikası və xarici investor arasında investisiya fəaliyyəti ilə əlaqədar mübahisəni xarici investor beynəlxalq arbitraja təqdim edə bilər.
15.3. Azərbaycan Respublikası və xarici dövlətlər arasında imzalanmış investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında ikitərəfli beynəlxalq sazişlərdə mübahisələrin həlli ilə bağlı bu maddədə göstərilənlərdən fərqli qaydalar nəzərdə tutulmuşdursa, beynəlxalq sazişin müəyyən etdiyi qaydalar tətbiq edilir.
15.4. İnvestisiya fəaliyyəti ilə əlaqədar mübahisələr üzrə beynəlxalq arbitrajın qərarları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq tanınır və icra edilir.
Maddə 16. İnvestorlara dəymiş zərərin əvəzinin ödənilməsi
16.1. Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin qanunsuz qərarları (inzibati aktları) və hərəkətləri (hərəkətsizliyi) nəticəsində investorlara dəyən zərərin əvəzi, o cümlədən əldən çıxmış fayda Azərbaycan Respublikası və ya müvafiq yerli özünüidarəetmə orqanı tərəfindən ödənilir.
16.2. İnvestora dəyən zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələr bu Qanunun 15.1-ci və 15.2-ci maddələrinə uyğun olaraq həll edilir.
Maddə 17. İnvestisiya fəaliyyətinin dayandırılması və ya ona xitam verilməsi şərtləri
17.1. İnvestisiya fəaliyyəti investorun öz qərarı ilə və ya Azərbaycan Respublikasının qanunlarına, habelə investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin şərtlərinə uyğun olaraq dayandırılır.
17.2. İnvestisiya fəaliyyətinə investorun özünün və ya məhkəmənin qərarı ilə, habelə investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin şərtlərinə uyğun olaraq xitam verilir.
17.3. İnvestisiya fəaliyyətinin dayandırılması və ya ona xitam verilməsi ilə bağlı mübahisələr bu Qanunun 15.1-ci və 15.2-ci maddələrinə uyğun olaraq həll edilir.
4-cü fəsil
Yekun müddəalar
Maddə 18. Bu Qanunun qüvvəyə minməsi
18.1. Bu Qanun qüvvəyə mindiyi gündən “Xarici investisiyanın qorunması haqqında” (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 4, maddə 81, № 7, maddə 171; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226; 2001, № 6, maddə 360, № 11, maddə 683, № 12, maddə 736; 2003, № 1, maddələr 1, 3; 2005, № 8, maddə 684; 2007, № 5, maddə 401, № 10, maddə 938, № 11, maddə 1053; 2010, № 4, maddə 276; 2019, № 1, maddə 26) və “İnvestisiya fəaliyyəti haqqında” (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 17-18, maddə 275; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 360, № 11, maddə 683, № 12, maddə 736; 2002, № 5, maddə 241, № 12, maddə 709; 2003, № 1, maddə 1; 2004, № 4, maddə 202; 2007, № 10, maddə 938; 2019, № 1, maddə 27, № 6, maddə 993) Azərbaycan Respublikasının qanunları ləğv edilir.
18.2. “Xarici investisiyanın qorunması haqqında” və “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının qüvvədə olduğu zaman investorlara münasibətdə həmin qanunlar əsasında təmin edilən daha əlverişli şərtlər 10 (on) il müddətinə qüvvəsini saxlayır.
Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.