Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müsahibəsi
- Azərbaycanda aparılan iqtisadi islahatlar, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin işə salınması, qeyri-neft sektorunda önəmli layihələrin icrası ticarətin asanlaşdırılmasına xidmət edir. Bunları nəzərə alaraq gömrük sahəsində hansı işlər aparılır və aparılması nəzərdə tutulur?
- Azərbaycan Respublikasının tranzit potensialının inkişafı ölkə iqtisadiyyatının prioritet sahələrindən biridir. Bu çərçivədə, gömrük orqanları tərəfindən beynəlxalq daşımalar zamanı gömrük prosedurlarının və sərhəd-keçid əməliyyatlarının sadələşdirilməsi yolu ilə tranzitin inkişafına yönəlik aidiyyəti tədbirlər görülür.
“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli, 1853 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, yüklərin çatdırılma müddətinin azaldılması, beynəlxalq yük daşımaları zamanı risklərin təhlili vasitəsilə sərhəd-keçid prosedurlarının optimallaşdırılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsi, gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələrinə dair məlumatların əvvəlcədən təqdim edilməsi, elektron informasiya mübadiləsinin həyata keçirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, ümumilikdə isə xarici ticarətin asanlaşdırılmasına şərait yaradılması gömrük orqanları qarşısında qoyulan tapşırıqlardandır.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, regionda əhəmiyyətli logistika və ticarət qovşağına çevrilmək məqsədilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə edilməklə, tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabətqabiliyyətliliyini təmin etmək üçün idxal-ixrac əməliyyatlarına və tranzit yüklərin daşınmasına sərf olunan vaxt və xərclərin optimallaşdırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi kimi strateji məqsədlər, Azərbaycan üzərindən ticarət həcminin artırılması üçün əlverişli mühitin yaradılması və tranzit ticarətindən daha yüksək dəyərin əldə edilməsi kimi strateji hədəflər müəyyən olunub.
Bildiyiniz kimi, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin inşası və istismara verilməsi ölkənin tranzit potensialının gücləndirilməsi sahəsində irimiqyaslı layihələrdir.
Beynəlxalq tranzit daşımaları zamanı inzibati sənədləşmənin və gömrük nəzarətinin asanlaşdırılması mühüm diqqət tələb edir. “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli, 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planının 7.2.1.1-ci bəndində Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiq olunmasının tezləşdirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılması istiqamətində tədbirlərin görülməsi aidiyyəti dövlət qurumlarına, o cümlədən Dövlət Gömrük Komitəsinə həvalə olunub.
Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sistemindən (NCTS) istifadə tranzit əməliyyatları üzrə gömrük zəmanət zəncirinin təşkili, vahid inzibati sənədləşmənin tətbiqi yolu ilə tranzit daşımaları zamanı gömrük məqsədləri üçün tələb olunan sənədlərin sayının minimuma endirilməsi, bütün tranzit marşrutu üzrə məlumatların əvvəlcədən elektron qaydada mübadiləsi vasitəsilə risklərin təhlili və qiymətləndirilməsinin sürətləndirilməsinə imkan yaradır. Bu sistemin tətbiqi həmçinin, Azərbaycan Respublikasında istehsal olunan, “MADE IN AZERBAIJAN” brendli malların NCTS üzvü olan Avropa qitəsində yerləşən ölkələrin bazarlarına çıxışı və təyinat yerlərinə çatdırılması üçün imkan yaradır. Bu da, ilk növbədə, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizində ölkəmizin tranzit imkanlarının artırılması deməkdir.
Bundan başqa, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzərində tranzit daşımaların sadələşdirilməsi prioritet sahələrdən biri hesab olunur. Bu məqsədlə, ötən il iyulun 1-4 tarixlərində İran İslam Respublikasının Tehran şəhərində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi boyunca Beynəlxalq Yük Daşıması Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyası (BYD Konvensiyası, 1975) ilə tənzimlənən prosedurlar çərçivəsində həyata keçirilən daşımaların elektronlaşdırılması məsələləri müzakirə edilib. Bu sahədə dəhliz ölkələrinin əməkdaşlığı yüklərin vahid elektron prosedur çərçivəsində Hindistandan başlayaraq Azərbaycan üzərindən Rusiyaya və Avropa istiqamətində daşınmasını təmin edəcək.
Onu da qeyd edim ki, BYD prosedurlarının elektronlaşdırılması vacib məsələlərdən biridir. Hazırda Şərq-Qərb dəhlizi üzərində Qazaxıstan-Azərbaycan-Gürcüstan-Ukrayna marşrutu üzrə elektron BYD daşımalarına (eTIR) başlanılması üçün müvafiq işlər görülür.
- Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış “Yaşıl dəhliz” buraxılış sistemini bu kimi tədbirlərdən hesab etmək olar. Məlumdur ki, sahibkarlar bu il fevralın 1-dən idxal-ixrac əməliyyatlarını gömrük məmurunu görmədən, yəni elə ofislərində apara bilərlər. Bu, ticarət əməliyyatlarının gömrük nəzarətindən kənarda qalmasına səbəb ola bilərmi? Bütün bu dəyişikliklər gömrük broker institutunun ləğv edilməsinə və ya prioritetlərin yenidən qiymətləndirilməsinə gətirib çıxaracaq?
- Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 4 mart 2016-cı il tarixli, 1853 nömrəli və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 16 mart 2016-cı il tarixli, 1897 nömrəli sərəncamlarına və digər hüquqi aktlara uyğun olaraq, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədilə “Yaşıl dəhliz”, eləcə də beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin yaradılmasının təmin edilməsi ilə bağlı və digər istiqamətlərdə bir sıra mühüm tədbirlər həyata keçirilib.
Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq həyata keçirilmiş islahatların davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 427 nömrəli Fərmanı ilə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq olunub. Bu Qaydanın məqsədi idxal-ixrac əməliyyatlarında qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi yolu ilə ölkənin ixrac potensialını gücləndirmək, Ümumdünya Gömrük Təşkilatının tövsiyələrinə va qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, xarici ticarət iştirakçılarında könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi əsasında gömrük nəzarəti formalarını tətbiq etmək, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini daha çevik və şəffaf həyata keçirmək, idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsipləri əsasında qurmaqdır.
Beləliklə, Fərmandan irəli gələn məsələlərin operativ həlli üzrə müvafiq mexanizmlər tərəfimizdən hazırlanıb və bu il fevralın 1-dən tətbiq ediləcək.
Bununla yanaşı, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyinin artırılması, gömrük idarəetməsinin keyfiyyətinin daha da yüksəldilməsi, bazara daxilolma məhdudiyyətlərinin minimuma endirilməsi, həmçinin azad rəqabət və biznes mühitinin yaxşılaşdırılması, ölkəmizin tranzit potensialının artırılması və nəticə etibarilə ölkədə xarici ticarətin asanlaşdırılmasına nail olmaq üçün kompleks tədbirlər dövlət orqanlarının qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Onu da bildirim ki, Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 3.5-ci bəndinə əsasən, həmin Qaydaların 3.4-cü bəndində qeyd olunmuş məlumatların elektron sistem vasitəsilə təhlili nəticəsində qısa idxal bəyannaməsində göstərilən məlumatların gömrük qanunvericiliyi ilə təsbit edilmiş tələb və şərtlərə uyğunluğu müəyyənləşdirildiyi təqdirdə, gömrük orqanı tərəfindən elektron sistem tərəfindən avtomatik olaraq idxalatçının uyğun gəldiyi risk qrupu üzrə istifadə edəcəyi buraxılış sistemi müəyyən olunur.
Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 13-1.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 1.7-ci bəndinə əsasən hazırlanmış, Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 427 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın 2.3-cü bəndində nəzərdə tutulmuş “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə şəxslər tərəfindən fərdi qaydada elektron müraciət əsasında həyata keçiriləcək.
Sualınızın gömrük broker institutu ilə bağlı hissəsinə gəlincə, gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Dolayı gömrük təmsilçiliyi ilə əlaqədar fəaliyyət Gömrük Məcəlləsinin 22-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2014-cü il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən Qaydalar”a uyğun olaraq həyata keçirilir.
- Yüklərin və nəqliyyat vasitələrinin keçirilməsi üçün “Yaşıl dəhliz”ə neçə şirkət giriş əldə edib? Sərhəddən malların keçirilməsinin daha da sadələşdirilməsi üçün gələcəkdə hansı tədbirlərin görülməsi planlaşdırılır?
- Ümumilikdə, bu günədək 53 xarici iqtisadi fəaliyyət iştirakçısının müraciətinə baxılıb və onlara “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə icazə verilib.
Gömrük-sərhəd buraxılış məntəqələri ərazilərində sıxlıqların aradan qaldırılması və malların yubanmadan keçidinə şəraitin yaradılması məqsədilə malların və nəqliyyat vasitələrinin sərhəddə yalnız qeydiyyatının aparılaraq dərhal buraxılışının həyata keçirilməsi layihəsi hədəf planlar arasındadır. Gömrük-sərhəd buraxılış məntəqəsi daxilində yalnız qeydiyyatın aparılaraq buraxılışın reallaşdırılması xüsusilə sərhəd əməliyyatları komponenti üzrə vaxt və xərc amili baxımından irəliləyişə gətirib çıxara bilər.
Bundan başqa, gömrük-sərhəd buraxılış məntəqələri ərazilərində, “bir pəncərə” sistemi daxilində “bir inspektor - bir nəqliyyat vasitəsi”, təyinat gömrük orqanlarında isə “bir inspektor - bir bəyannamə” pilot layihələri həyata keçirilir. Bu layihələrin qısa zamanda tam şəkildə tətbiqi planlaşdırılır.
Adı çəkilən layihələrin tətbiqi çərçivəsində rəsmiləşmə əməliyyatlarının başa çatdırılmasında bir inspektor tam məsul olacaqdır ki, bu da eyni anda bir neçə inspektorun bir neçə nəqliyyat vasitəsinin və ya bəyannamələrin gömrük rəsmiləşdirilməsi prosesinə xidmət göstərməsinə şərait yaradacaqdır.
Pilot layihələrin həyata keçirilmə müddətində aparılan müşahidələr və təhlillər göstərir ki, layihələrin tam tətbiqi prosesi başlandıqdan sonra malların və nəqliyyat vasitələrinin keçidinə və buraxılışına sərf olunan vaxt kəskin şəkildə azalacaq.
Gömrük-sərhəd buraxılış məntəqələri yaxınlığında Ticarətin Asanlaşdırılması Mərkəzlərinin yaradılması və logistik infrastrukturun genişləndirilməsi malların və nəqliyyat vasitələrinin gömrük-sərhəd buraxılış məntəqəsi ərazisində dayanması və tıxac baş verməsi halını aradan qaldırmaqla, sürətli buraxılışın həyata keçirilməsinə əlverişli şərait yaradacaq. Gömrük-sərhəd buraxılış məntəqələri ərazisində mallar və nəqliyyat vasitələri üzrə yalnız qeydiyyat aparılaraq dərhal buraxılışın həyata keçirilməsi prinsipi tətbiq edildiyi zaman Ticarətin Asanlaşdırılması Mərkəzləri risklərin idarə edilməsi sistemi əsasında yoxlanılması zəruri hesab edilən mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin həyata keçirilməsinə müsbət şərait yaradacaq.
Onu da əlavə edim ki, bu mərkəzlər, xarici ticarət iştirakçılarının istəyi əsasında, malların dərhal gömrük rəsmiləşdirilməsinin həyata keçirilərək buraxılışına və ya malların boşaldılaraq nəqliyyat vasitəsinin vaxt itirmədən geri qayıtmasına imkan verəcək. Ümumilikdə Ticarətin Asanlaşdırılması Mərkəzləri digər gömrük orqanlarının yüklülüyünün azaldılmasına xidmət etməklə yanaşı, resurslardan daha səmərəli istifadə üçün faydalı olacaq.
Eyni zamanda, nəqliyyat vasitələrinin gömrük-sərhəd buraxılış məntəqələrindən keçməsinin tənzimlənməsi məqsədilə “elektron növbə sistemi” layihəsi nəzərdə tutulur. Əsas məqsəd sərhəd-keçid məntəqələri ərazilərində sıxlığın aradan qaldırılmasını, xarici ticarət iştirakçılarına gömrük prosedurları üzrə əməliyyatlarda operativ xidmət göstərilməsini və vaxta qənaəti təmin etməkdir.
İnteqrə edilən sərhəd idarəçiliyi prinsipləri əsasında beynəlxalq standartlara cavab verən yeni gömrük-sərhəd buraxılış məntəqələrinin açılması, o cümlədən mövcud gömrük-buraxılış məntəqələrinin infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsi də qarşıya qoyulan hədəflərə daxildir. Bundan başqa, qonşu dövlətlərlə Azərbaycan arasında yaradılacaq yeni gömrük-buraxılış məntəqələrində birgə nəzarət metodunun tətbiqi nəzərdə tutulur. Bu metod da sərhədin hər iki tərəfində təkrar yoxlamaları istisna etməklə sərhəd prosedurlarının sadələşdirilməsi işinə töhfə verəcək.
Ümumdünya Gömrük Təşkilatının norma və standartlarına uyğun olaraq, malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi və xarici ticarətin asanlaşdırılması məqsədilə gömrük nəzarətinin sadələşdirilmiş forma və üsulları üzrə əsas vasitələrdən biri də Səlahiyyətli İqtisadi Operator institutu hesab edilir. Səlahiyyətli İqtisadi Operator institutunun təkmilləşdirilməsi hədəfi prioritet qaydada mallar və nəqliyyat vasitələrinin buraxılışının həyata keçirilməsinə, xərclərin minimuma endirilməsinə, o cümlədən SİO statusu əldə etmiş etibarlı xarici ticarət iştirakçılarının ikitərəfli və çoxtərəfli razılaşmalar əsasında beynəlxalq səviyyədə tanınmasına və güzəştlərdən istifadəyə şərait yaradır.
Gömrük xidməti qarşısında əsas məqsədlərdən biri də xarici ticarət iştirakçılarına ilkin məlumat verilməsi imkanlarının yaradılması və ümumilikdə ticarətin asanlaşdırılması üsulları üzrə əsas vasitələrdən biri hesab edilən məcburi qərarların tətbiqi sisteminin formalaşdırılmasıdır. Məcburi qərarların tətbiqi sistemi gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yüksəldilməsi, idxal və ixrac əməliyyatları zamanı gömrük və biznes arasında qarşılıqlı inamın yaradılması, beynəlxalq ticarət zənciri üzrə malların vaxt və xərc itkisinə məruz qalmadan maneəsiz və sürətli hərəkətinin təmin edilməsi ilə yanaşı, xarici ticarət iştirakçılarına elektron gömrük xidməti vasitəsilə malların təsnifatı, mənşə ölkəsi və gömrük dəyəri ilə bağlı məlumatların əvvəlcədən əldə edilməsi imkanı verəcək.
Bu sistemin formalaşdırılması nəticə etibarilə vaxtın minimuma endirilməsinə, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesilə bağlı yarana biləcək əlavə xərclərin aradan qaldırılmasına və öncədən təqdim edilən məlumatlar əsasında düzgün biznes planının qurulmasına müsbət təsir göstərəcək.
Məcburi qərarlar sisteminin yaradılması eyni mallar digər şəxslər tərəfindən gətirildikdə, gömrük orqanları tərəfindən laborator müayinələrin aparılması məqsədilə ünvanlanan təkrar sorğuların qarşısını almaqla yanaşı, həmin müayinələrə sərf olunan əlavə vaxt və xərcləri də aradan qaldıracaq.
- Azərbaycanda gömrük nəzarətində blokçeyn texnologiyasının tətbiqi nə vaxta planlaşdırılır? Bütün dünyada rəqəmsal texnologiyalara keçidlə bağlı işlər aparılır. Azərbaycanın gömrük sistemində bu məqsədlə hansı tədbirlər görülür və bu, tədricən kadr siyasətinə yenidən baxılmasını zəruri edəcək?
- Dövlət Gömrük Komitəsi müxtəlif texnologiyaları və innovativ həlləri mütəmadi qaydada araşdırır və onları müxtəlif dövlət proqramları çərçivəsində digər dövlət qurumları və biznes ictimaiyyəti ilə əməkdaşlıq formatında gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərində tətbiq edir.
Nəzərə almaq lazımdır ki, layihə idarəçiliyinin mühüm prinsiplərindən biri - idarəetmənin istənilən sahəsində, o cümlədən gömrük sistemində, ayrı-ayrı yeni texnologiyaların tətbiqini “əlahiddə eksperimentlər” şəklində deyil, sistemli yanaşma çərçivəsində konkret innovasiya layihələri formatında həyata keçirilməsini tələb edir. Bu baxımdan, yeni texnologiyaların gömrük sistemində tətbiqi konkret layihə hədəflərinə malik olmalı və son illər ərzində həyata keçirilmiş layihələrlə uzlaşmalıdır.
Blokçeyn texnologiyasına gəldikdə isə, Dövlət Gömrük Komitəsinin apardığı araşdırmalar göstərir ki, bu texnologiyanın tətbiqi əsasən özəl sektor tərəfindən ümumilikdə ticarət-təchizat zəncirinin idarə edilməsində, o cümlədən ticarətlə əlaqədar bank əməliyyatlarında (məsələn, akkreditiv hesabların açılması) və logistika sektorunda sınaqdan çıxarılmaqdadır.
Buna misal olaraq, sözügedən sahədə dünyanın ən böyük logistika şirkətlərindən olan “Maersk” şirkəti IBM şirkəti ilə birgə müvafiq layihələr həyata keçirib. Eyni zamanda, bizə məlumdur ki, blokçeyn texnologiyasının tətbiqinə xüsusilə ABŞ, Böyük Britaniya, Sinqapur, Cənubi Koreya və Yaponiya gömrük xidmətləri tərəfindən xüsusi maraq göstərilir. Blokçeyn texnologiyası paylanmış məlumat bazaları və kriptoqrafiya həlləri sayəsində xərclərin və resursların optimallaşdırılması, həmçinin şəffaflığın təmin edilməsi baxımından bir sıra üstünlüklər vəd edir. Ümumdünya Gömrük Təşkilatının Daimi Texniki Komitəsinin 2017-ci ilin aprel ayında keçirilmiş 215/216-cı sessiyalarında blokçeyn texnolgiyasının gömrük sistemində tətbiqi problemləri gündəmə gətirilmişdir. Müəyyən edilmişdir ki, xüsusilə elektron kommersiya əməliyyatlarının idarə edilməsi, risk idarəçiliyi, gömrük-gömrük məlumat mübadiləsi, gömrük auditi, hüquqpozmalarla mübarizə və qanunvericiliyə riayət mədəniyyətinin formalaşdırılması sahəsində bu texnologiyanın tətbiqinin perspektivi böyükdür.
Son illər bu istiqamətdə Dövlət Gömrük Komitəsi də müəyyən addımlar atır. Komitə müxtəlif innovativ texnologiyaların gömrük işində tətbiqi sahəsində ən yaxşı təcrübələrin öyrənilməsi, akademik araşdırmaların üzə çıxarılması və inkişafı üçün ən yüksək səviyyədə beynəlxalq konfranslar təşkil edir, konfransların işinə bəzi Nobel mükafatı laureatları da daxil olmaqla, gömrük sahəsində ən mühüm universitetlərin, tədris müəssisələrinin və gömrük xidmətlərinin ekspertləri dəvət olunur. Bu tədbirlər beynəlxalq tendensiyaları öyrənməyə imkan verir və blokçeyn texnologiyası da daxil olmaqla, digər yeni yanaşmaların təhlilinə və qiymətləndirilməsinə şərait yaradır.
- Nəzarət-keçid məntəqələrində “Tax-Free” sisteminin tətbiqi tam başa çatıb? Xarici ölkələrin təcrübəsinə əsaslanaraq bu sistemin daha da təkmilləşdirilməsinə ehtiyac varmı?
- Son illər ərzində “Tax-Free” sisteminin inkişafı mövcud sahə üzrə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədini daşıyır. Bu sistemin tətbiqinə ilkin olaraq beynəlxalq hava limanlarında başlanılıb. Artıq digər sərhəd-keçid məntəqələrində də bu sistemin tətbiqi ilə əlaqədar aidiyyəti tədbirlər görülür və yaxın zamanlarda “Tax-Free” sisteminin tətbiqi ölkəmizin bütün sərhəd-keçid məntəqələrində həyata keçiriləcək.
Xatırladım ki, Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2016-cı il tarixli, 985 nömrəli Fərmanı ilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilib. Qaydaya uyğun olaraq, elektron vergi hesab-faktura sistemi vasitəsilə protokola daxil edilən aidiyyəti məlumatlar əsasında alıcı tərəfindən şəxsiyyətini təsdiq edən pasportu gömrük-sərhəd buraxılış məntəqəsində təqdim etməklə, mallar üzrə ödənilmiş əlavə dəyər vergisi ölkəni tərk edərkən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aidiyyəti üzrə icra orqanları tərəfindən qaytarılır.
- 2019-cu ildən tütün məhsullarının daxili istehsalına aksiz dərəcələrinin qaldırılacağını nəzərə alsaq, bu məhsulların idxalına aksizlərin artırılması nəzərdə tutulurmu?
- Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 190.2-ci maddəsinə əsasən, ölkə ərazisinə idxal edilən aksizli mallara tətbiq olunan (minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, xəz-dəri məmulatları istisna olmaqla) aksiz dərəcələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalarla tənzimlənir.
- 1 yanvar 2019-cu ildən etibarən idxal olunan minik avtomobillərinə aksiz dərəcələri artırılıb, avtobus nəqliyyat vasitələrinə tətbiq olunan aksizli malların siyahısı isə genişlənib (energetik içkilər, elektron siqaret üçün maye). Daxili istehsalın qorunması ilə bağlı olan bu qərar (əsasən avtonəqliyyat vasitələri ilə bağlı) gömrük daxil olmalarına necə təsir edəcək?
- Ötən illərdə ölkə ərazisinə gətirilən aksizli mallara tətbiq olunan aksiz dərəcələrinin artırılması bu qəbildən olan malların idxalının say baxımından azalması ilə nəticələnib. Buna baxmayaraq, aksizli mallara yüksək aksiz dərəcələrinin tətbiqi nəticə etibarilə bu vergi növü üzrə büdcə daxilolmalarını artırıb.
- Azadolmaların idxalda xüsusi çəkisinin azaldılması nə qədər mümkündür?
- İdxal mallarına güzəştlərin verilməsi Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Hər il üçün “Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı aidiyyəti mərkəzi icra hakimiyyəti orqanına müxtəlif təsərrüfat subyektləri tərəfindən daxil olan təkliflər araşdırılır. Geniş təhlillər aparıldıqdan sonra xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına (XİFMN) uyğun malın kodu və hər hansı dövrü, sahəni əhatə etməklə güzəştlərin tətbiqi məsələsinə baxılır. Müzakirələrdən sonra aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla mövcud qanunvericilik aktlarına əlavə dəyişikliklər edilir. İllərin təcrübəsi göstərir ki, hər il ölkə ərazisinə idxal olunan mallara tətbiq edilən güzəştlərin xüsusi çəkisi ümumi idxala münasibətdə gömrük rüsumu və əlavə dəyər vergisi üzrə 50-55 faiz təşkil edir.
- Dövlət Gömrük Komitəsi daxili istehsalın müdafiəsi üçün gələcəkdə əlavə hansı tədbirləri planlaşdırır?
- Azərbaycan Respublikasında tətbiq olunan gömrük rüsum dərəcələri 1 yanvar 2018-ci il tarixindən təkmilləşdirilərək çoxpilləli (0, 0.5, 1, 3, 5, 10, 15) sistemdən azpilləli (0, 5, 15) sistemə keçirilib.
Azərbaycan Respublikasında daxili bazarın qorunması, yeni istehsal sahələrinin yaradılması və genişləndirilməsi, eyni zamanda, qeyri-neft sektorunun inkişafı nəzərə alınmaqla, ixrac yönümlü malların istehsalının və ixrac potensialının artırılması məqsədilə zərurət yarandıqca gömrük-tarif tənzimləmə prosesinin təkmilləşdirilməsi bundan sonra da davam etdiriləcək.
- 2019-cu il üçün Dövlət Gömrük Komitəsinin əsas prioritetləri nədən ibarət olacaq?
- Gömrük xidməti gələcəkdə də respublikanın iqtisadi inkişafına təkan verməklə yanaşı, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını səfərbər edəcək.
Dövlət Gömrük Komitəsi son zamanlar iş adamları və gömrük əməkdaşları arasında da davamlı görüşlər keçirir, sahibkarların rəy və təkliflərini öyrənir. İstər gömrük-biznes münasibətlərinin şəffaflığı, sahibkarların hüquqlarının qorunması, istərsə də qanunvericilik bazasının təkmilləşdirilməsi, gömrük tarifləri və digər məsələlərlə bağlı iş adamlarının bütün təklifləri nəzərə alınır.
2019-cu il ərzində sərhəd-keçid məntəqələrində infrastruktura yenidən baxılaraq sərhəd ticarətinin daha da asanlaşdırılması üçün işlər görüləcək. Eyni zamanda, idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərinin minimuma endirilməsi istiqamətində tədbirlər reallaşdırılacaq. Bu sahədə “Yaşıl dəhliz” sisteminin tətbiqi həm idxal, həm də ixrac əməliyyatları üçün genişləndiriləcək. Sahibkarlar mallarını insan amili olmadan anbarlara boşalda biləcəklər. Fevralın 1-dən isə iş adamları idxal-ixrac əməliyyatlarını gömrük məmurunun iştirakı olmadan, öz ofislərindən apara biləcəklər.
Qarşıdakı əsas vəzifələrdən biri də iqtisadiyyatın innovativ inkişafının sürətləndirilməsi məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi, kreativ sənayenin müasir iqtisadiyyatda rolunun və əqli mülkiyyətin informasiya cəmiyyətinə təsirinin artırılması, həmçinin Azərbaycan xalqına məxsus mədəni irsin qorunmasının təmin edilməsidir.
Buna uyğun olaraq, insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafı və əqli mülkiyyət hüquqlarının qorunması üzrə dayanıqlığın təmin edilməsi məqsədilə əqli mükiyyət hüquqları üzrə qanunvericilik bazasının yenidən işlənməsi və reyestr sisteminin təkmilləşdirilməsi yaxın zamanlarda nəzərdə tutulan işlərə daxildir.
Eyni zamanda, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində iştirak etməklə mövcud alət və vasitələrin tətbiqi əsasında beynəlxalq ticarətin asanlaşdırılması və xarici ticarət iştirakçılarına əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Səlahiyyətli İqtisadi Operator üzrə qanunvericilik bazasının yenidən işlənməsi, Səlahiyyətli İqtisadi Operator institutunun inkişafı, xarici ticarət iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi və bu statusu əldə etmiş şəxslərlə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi üzrə işlərin görülməsi əsas hədəflərdəndir.
Əminliklə bildirirəm ki, Azərbaycan gömrük orqanları gələcəkdə də Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkənin ixrac və tranzit potensialının artırılması məqsədilə həyata keçirdiyi islahatları rəhbər tutaraq mühüm uğurlara imza atacaq.