2021-ci ildən başlayaraq Azərbaycanda vergi-gömrük güzəştləri azaldılacaq, yeni venrgi təşəbbüslərinə başlanılacaq, eləcə də özəlləşdirmə və nağdsız ödənişlər sahəsində ciddi yeniliklər gözlənilir.
Eləcə də bax: «Sahibkarların gömrük məsələlərini biz həll edirik» - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan «Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri»ndə əksini tapıb.
Sənəddə bu məqsədlə növbəti və sonrakı 3 il üçün büdcə-vergi siyasətinin hansı istiqamətlərdə həyata keçirilməsi qeyd olunub.
Sənəddə deyilir ki, büdcə gəlirlərinin artırılması üçün ölkədə yeni vergi təşəbbüslərinə başlanacaq. Bildirilir ki, bu təşəbbüslər vergi yükünün iqtisadiyyatın ayrı-ayrı sahələri arasında ədalətli bölüşdürülməsinə xidmət edəcək: «İqtisadiyyatın ayrı-ayrı sahələrində vergi yükünün ədalətli bölüşdürülməsi və ahəngdarlığının təmin edilməsi məqsədilə yeni vergi təşəbbüsləri müəyyən ediləcək» -deyə bildirilir.
Bundan başqa, vergi və gömrük güzəştlərinin azaldılması nəzərdə tutulur. Sənədə əsasən vergi və gömrük sahəsində güzəşt və azadolmaların optimallaşdırılması və onların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi gözlənilir.
Hökumət sahibkarlıq sahəsində stimullaşdırıcı vergi islahatlarının davam etdiriləcəyini də vəd edib: «Vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlıq münasibətlərini daha təkmil müstəviyə gətirmək və s. əsas istiqamətlərdən olacaq»-deyə bildirilir.
Hökumət kölgə iqtisadiyyatının miqyasının azaldılması üçün daha sərt şəffaflıq və hesabatlılıq tələb edəcək. «Təsərrüfat subyektlərinin fəaliyyətində şəffaflıq və hesabatlılıq tələblərinin gücləndirilməsi nəzərdə tutulur»-deyə bildirilir.
Nağd əməliyyatlar isə bir qədər də məhdudlaşdırılacaq.
Sənəddə qarşıda gözlənilən vergi islahatlarının bir istiqaməti göstərilib. Bu - sərnişin və yükdaşıma sahəsində avtonəqliyyat vasitələrində görə tətbiq olunan ödənişlərin optimallaşdırılmasıdır. Başqa sözlə, həmin sahələrdə ödənişlərin artımı gözlənilir.
Bundan başqa, hökumət bəyan edib ki, ofşor zonalarla aparılan əməliyyatlar üzrə vergi nəzarətinin gücləndirilməsi gözlənilir.
Əsas məsələlərdən biri liberallaşdırmanın genişləndirilməsi ilə bağlı planlardır.
Hökumət özəlləşdirmə prosesini də dəyişdirmək istəyir: «Dövlət əmlakının özəlləşdirilməsində stumullaşdırıcı tədbirlərin təşkili» gözlənilir. Buraya investorlara daha əlverişli şəraitin yaradılması aiddir.
Bununla yanaşı, qarşıdakı illərdə elektron ticarət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, nağd ödənişlərin isə məhdudlaşması gözlənilir.
«Rəqəmsal ödənişlərin instutusional mühitinin daha da yaxşılaşdırılması, nağdsız hesablaşma və ödəniş alətlərindən istifadə səviyyəsinin yüksəldilməsi və nağd əməliyyatların məhdudlaşdırılması nəzərdə tutulur»-deyə bildirilir.