Azərbaycan İqtisadiyyat Nazirliyinin son proqnozuna görə, 2021-ci ilin sonuna dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin yüksəlməsi (enerji və qeyri-enerji) və qlobal əmtəə qiymətlərinin artması kimi xərc amillərinin təsiri ilə bu il Azərbaycanda 6% səviyyəsində gözlənilən ortaillik inflyasiya 2022-ci ildə 4%-dək yavaşlayacaq.
Eləcə də bax: Azərbaycanda bu il - 5,1%-lik İqtisadi Artım Gözlənilir
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əks olunub.
Qeyd edilir ki, ölkədə makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin sabitliyi dəstəkləyəcək.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrlərinə dair sonuncu onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycanda bu il inflyasiya ortaillik inflyasiya 6,2-6,5% səviyyəsində, 2022-ci ildə isə 5,6% səviyyəsində proqnozlaşdırıldığını bildirmişdi.
Beynəlxalq Valyuta Fondunun son proqnozuna görə isə, bu il Azərbaycanda istehlak qiymətləri illik 4,4%, 2022-ci ildə isə 3,2% artacaq.
Xatırladaq ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ortaillik inflyasiya 5,2%, təkcə sentyabrda isə illik inflyasiya 8,5% təşkil edib. 2020-ci ildə Azərbaycanda ortaillik inflyasiya 2,8% təşkil edib.