Azərbaycanda orta aylıq əmək haqqı 540 manat olsa da, iqtisadiyyatın ayrı-ayrı sahələrində, eləcə də dövlət və özəl sektorda maaşlar bir-birindən kəskin fərqlənir.
FED.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən Azərbaycanda 2018-ci ilin yanvar-sentyabr aylarında orta aylıq əmək haqqı 540,5 manat olub.
Dövlət sektorunda orta aylıq əmək haqqı 428,6 manatdır. Dövlətə işləyənlər arasında ən yüksək maaşı maliyyə sığorta fəaliyyəti ilə məşğul olanlar alır - 1421,4 manat. Ən aşağı maaş isə kənd təsərrüfatında çalışanlara verilir - 223,5 manat.
Özəl sektorda isə orta aylıq əmək haqqı 691,2 manatdır. Burada ən yüksək maaşı mədənçıxarma sənayesində çalışanlar - 4 127,7 manat, ən aşağı maaşı isə idarəetmə, müdafiə və sosial təminat sahəsində çalışanlar alır - 210,8 manat.
İqtisadi sahələr üzrə orta əmək haqqına nəzər salsaq görərik ki, bu sahədə ən yüksək orta aylıq əmək haqqı Mədənçıxarma sənayesi və Maliyyə və sığorta fəaliyyəti sahələrinə məxsusdur.
Mədənçıxarma sənayesi üzrə orta aylıq əmək haqqı 3 017,9 manatdır. Bu sahədə qeyri-dövlət sektorunda çalışanların orta aylıq əmək haqı 4 127,7 manat olarkən, dövlət sektorunda işləyənlərin orta aylıq əmək haqqı 3,10 dəfə az olaraq 1 331,9 manat olub.
Maliyyə və sığorta fəaliyyəti üzrə orta aylıq əmək haqqı 1 462,5 manatdır. Bu sahə üzrə özəl sektorda işləyənlərin orta aylıq əmək haqqı 1 472,1 manat, dövlət sektorunda işləyənlərin isə 1 421,4 manat təşkil edib. Burada özəl və dövlət sektorunda çalışanların orta aylıq əmək haqqında ciddi fərq olmayıb.
İqtisadi sahələr üzrə ən az orta aylıq əmək haqqı Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi və İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə aiddir.
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində işləyənlərin orta aylıq əmək haqqı 239,5 manatdır. Bu sahə üzrə özəl sektorda işləyənlərin orta aylıq əmək haqqı 294,3 manat , dövlət sektorunda işləyənlərin orta aylıq əmək haqqı isə 234,2 manat olub.
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahəsində işləyənlərin ümumən orta aylıq əmək haqqı 289 manatdır. Bu sahədə işləyən özəl sektor işçilərin orta aylıq əmk haqları 842,9 manat, dövlət sektorunda işləyənlərin isə 3,37 dəfə az olaraq 250,7 manat təşkil edib.