Azərbaycan İqtisadiyyat Nazirliyinin son proqnozuna görə, neftin bir barelinin ortaillik qiyməti 2021-2022-ci illər üzrə 55 ABŞ dolları, 2023-2025-ci illər üzrə isə 50 dollar olduğu halda, cari ildə ölkədə ÜDM-nin real artım tempi 4,6%, 2022-ci ildə – 4%, 2023-cü ildə – 5,3%, 2024-cü ildə – 3,7%, 2025-ci ildə isə 3,1% təşkil edəcək.
Eləcə də bax: Azərbaycan 2025-ci ilədək dövlət borcunun - ÜDM-nin 20%-dək Azaldılmasını Hədəfləyir
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin cari il üçün proqnozlaşdırdığı iqtisadiyyatın 4,6%-lik böyüməsi reallaşarsa, ölkədə real ÜDM istehsalının həcmi 29,93 mlrd. manat təşkil edəcək və 2019-cu ildə (pandemiyadan əvvəlki dövr – red.) qeydə alınmış göstəricini (29,91 mlrd. manat) üstələyəcək.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, Azərbaycanda real ÜDM istehsalı COVID-19 pandemiyasından əvvəlki səviyyəyə (2019-cu il) yalnız 2023-cü ildə qayıdacaq. Belə ki, BVF-nin proqnozlarına görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatında real ÜDM istehsalı 2,3%, 2022-ci ildə 1,7%, 2023-cü ildə isə yenə 1,7% artaraq müvafiq olaraq 29,21 mlrd. manat, 29,71 mlrd. manat və 30,21 mlrd. manat təşkil edəcək.
Xatırladaq ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, 2020-ci ildə Azərbaycanda real ÜDM-nin həcmi (2005-ci ilin qiymətləri ilə) 28,62 mlrd. manata bərabər olub və bu, 2019-cu illə müqayisədə 4,3% azdır.
Real ÜDM-nin nominal ÜDM-dən fərqi ondan ibarətdir ki, real ÜDM-də istehsal olunan məhsulların qiymət artımları nəzərə alınmır və bu göstərici sırf real istehsal ilə təyin olunur. Bunun nəticəsi kimi, nominal ÜDM iqtisadiyyatın qiymət və gəlir indeksindəki dəyişikliklərdən asılıdır və məhsul və xidmətlərin qiymətlərinin artması səbəbindən inflyasiya ilə birlikdə artır, deflyasiya halında isə azalır. Beləliklə, nominal ÜDM-dən fərqli olaraq, real ÜDM qiymət səviyyəsindəki dəyişiklikləri hesablayır və iqtisadi artım ilə bağlı situasiyanı daha dəqiq şəkildə əks etdirir. (Apa)