Anbar zərərvericiləri yeyinti məhsulları və müxtəlif yüklərlə uzun məsafələrə yayılır. Xüsusilə karantin vəziyyəti zəif öyrənilmiş ölkələrdən bitki mənşəli məhsulların idxalının ildən-ilə artması, zərərli orqanizmlərin ölkə ərazisinə gətirillməsi kimi real təhlükə yaradır.
Azərbaycan Republikası Qida Təhlükəsizliyi Agentliyindən FED.az-a verilən məlumata görə, il ərzində idxal edilən karantin nəzarətində olan yüklərə baxış zamanı, Azərbaycanda karantin tətbiq edilən onlarla növ aşkar edilir.
ELƏCƏ DƏ BAX: Bu məhsulu yetişdirərək milyonçu ola bilərsiz
“Bununla yanaşı, hazırda bəzi saxlanma yerləri müasir tələblərə cavab vermir. Eyni zamanda, anbar zərərvericilərinin növ tərkibi hiss ediləcək dərəcədə artıb. Bu zərərvericilər müxtəlif substratları, xüsusən dəni, unu, yarmanı, quru meyvələri, meyvə-tərəvəzləri, heyvan mənşəli məhsulları, qarışıq yemləri, otu, dərman xammalının saxlanma yerlərini, nəqliyyat vasitələrini və s. yoluxdura bilir. Zərərvericilər məhsulun çəkisini azaldır, keyfiyyətini aşağı salır, toxumların cücərmə faizini azaldır. Bir çox gənə və həşəratlar allergenlər yaradır ki, bu da insanlardaallergik xəstəliklərin inkişafı üçün risk amili ola bilər”, - deyə məlumatda bildirilir.
Məlumata görə, anbar zərərvericiləri ilə profilaktik və məhvedici tədbirlər görməklə mübarizə aparılır. Fumiqasiya geniş yayılmış məhvetmə üsullarından biridir: “Belə ki, fumiqasiya zamanı zərərvericilər zəhərli buxar və ya qazlarla məhv edilir. Zərərsizləşdirmə işlərinin texnologiyasına əməl etdikdə, 100% səmərə almaq mümkündür. Lakin fumiqantlardan yanlış istifadə, bu zaman qaydalara əməl edilməməsi ciddi fəsadlar yarada bilər. Odur ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, fumiqantlar tətbiq edilərkən xüsusi qaydalara əməl edilməlidir. Belə ki, həblərin vahid sahəyə düşən norması sahə üzrə bərabər şəkildə paylanmalıdır. Həblərin qeyri-bərabər paylanması nəticəsində, yanğın və partlayış baş verə bilər. Digər tərəfdən bu məhsulun orqanoleptik göstəricilərinin pisləşməsinə və yüksək dərəcədə kimyəvi çirklənməsinə səbəb ola bilər. Fumiqasiya prosesinə qədər təşkilatı işlər planlı şəkildə aparılmalı, müvafiq orqanlara fumiqasiyanın aparılması barədə məlumat verilməli, xəbərdaredici lövhələr hazırlanmalı, qaz sızmasının qarşısının alınması məqsədi ilə obyekt hermetikləşdirilməlidir. Fumiqasiya və deqazasiya zamanı təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət edilməlidir”.