Xalq arasında belə bir fikir dolaşır ki, çörəyin qiymətinin artımı mütləq şəkildə digər məhsulların, xüsusilə də benzinin qiymətinin artımı ilə müşayət olunur. Bu səbəbdən də camaat arasında benzinin qiymətinin qalxacağını düşünənlər az deyil.
FED.az xəbər verir ki, məsələ ilə bağlı ekspert Ruslan Atakişiyev münasibət bildirib.
Ekspert bildirir ki, hazırda vergi siyasətində aparılan islahatlar qeyri-qanuni fəaliyyət göstərən, bu günə qədər vergidən yayınan bütün istehsalçıların işinə təsir edəcək. Vergiləri olduğu kimi ödəyəcəkləri üçün xərcləri artan bu kimi şirkətlər çıxış yolunu istehsal etdiyi məhsulun qiymətini artırmaqda görürlər. Ona görə də bu cür fəaliyyətlə məşğul olan istənilən sahədə qiymət artımını müşahidə etmək mümkündür.
Ekspert benzinin qiyməti ilə vergi siyasətindəki dəyişikliklər arasında əlaqə olmadığını hesab edir. Benzinin qiymətinin dövlət tərəfindən tənzimləndiyini xatırladan müsahibimiz benzin satışı sahəsində şəffaflıq olduğunu, bu sektorda vergidən yayınma halının olmadığını hesab edir. Ona görə də benzinin qiymətinin artacağı hazırda real görünmür.