Ölkəmizdə hazırda bal süzümü davam edir və prosesin avqustun sonuna qədər davam edəcəyi gözlənilir.
Eləcə də bax: Azərbaycan "Qarabağ" brendli balı ilin sonunda dünya ölkələrinə - İXRAC EDƏ BİLƏR
FED.az xəbər verir ki, bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, yaz ayları havaların soyuq keçməsilə əlaqədar bal süzümündə gecikmələr olub.
"Hazırda havalar yaxşı keçdiyindən yazda qismən itirilmiş bal ehtiyatının yeri dolub. Ölkəmizdə 7 min ton bal istehsalı proqnozlaşdırılıb. Ölkədə bal istehsalının artmasına işğaldan azad olunmuş ərazilərə arı ailələrinin köçürülməsi də təsir göstərib".
B.Həsrətov bildirib ki, bu il bal və digər arı məhsullarının qiymətində az da olsa artım ola bilər.
"Belə ki, arıçılıqda istifadə olunan dərmanların və digər lazımı ləvazimatların qiyməti artıb. Bundan başqa daşınma xərcləri də bahalaşıb. Bütün bunlar balın qiymətinə təsir edəcək", - deyə o qeyd edib. (Trend)