Azərbaycanda İtaliyadan gətirilən yeni növ düyü yetişdirilməyə başlayıb.
FED.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Astara rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev deyib.
Onun sözlərinə görə, bu, "Apollo", "Mexo" və "Okeana" düyü növləridir və onlar yerli düyü növlərindən fərqlənir:
"Bu düyülər əsasən məhsuldarlığı ilə yerli düyülərdən fərqlənir. Belə ki, İtaliyanın "Apollo", "Mexo" və "Okeana" düyü növləri hektara 60 sentner məhsul verir. Yerli düyülərdə isə məhsuldarlıq hektara 30-35 sentner arası dəyişir. Yerli düyülərlə bu düyülərin daha bir fərqi isə ondadır ki, bu düyülər az ətirli olur. Yerli düyülər həmin düyülərdən kəskin xoş ətiri ilə fərqlənir".
İcra Hakimiyyəti başçısının müavini əlavə edib ki, bundan başqa, Astarada İranın "Haşimi" düyü növü də yetişdirilir və bu növ Azərbaycanda çoxdan yetişdirilir.
İ.Malıyev bildirib ki, Astarada yetişdirilən düyülər "Made in Azərbaycan" brendi ilə xarici ölkələrdə keçirilən beynəlxalq sərgilərdə nümayiş olunsa da, hələlik xaricə kütləvi ixrac yoxdur.
İcra Hakimiyyəti başçısının müavin yerli düyü növlərindən də danışıb:
"Hazırda Astarada xarici növ düyülərdən əlavə, yerli istehsal olan "Sədri", "Həsəni", "Pəhriz" və Krasnodar düyüləri də yetişdirilir. Bu düyü növləri Azərbaycanda uzun müddətdir yetişdirilir. Həmin düyülər çox ətirlidir, məhsuldarlığı normaldır".