Dövlət Statistika Komitəsi Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların məbləğini açıqlayıb.
FED.az xəbər verir ki, 2022-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7 milyard 301,7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz çox vəsait yatırılıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkə iqtisadiyyatına 7 milyard 059 milyon manat yatırılmışdı.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,5 faiz artıb.
İstifadə olunmuş vəsaitin 4 milyard 492,6 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 355,5 milyon manatı (32,3 faizi) xidmət sahələrinə, 453,6 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 427,8 milyon manatını və ya 74,3 faizini daxili vəsaitlər təşkil etmişdir.
Xarici mənbələrdən yatırımların həcmi isə 1 milyard 873,9 milyon manat olub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 5174,9 milyon manatı və ya 70,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,4 faiz, büdcə vəsaitləri 29,6 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, sair vəsaitlər 5,0 faiz, bank kreditləri isə 3,2 faiz təşkil etmişdir.