Bu gün Bakıda Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin, Rusiya İxrac Mərkəzinə (RİM) daxil olan şirkətlər qrupunun rəhbəri Pyotr Fradkov, iqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə RİM-in Azərbaycandakı nümayəndəliyinin açılış mərasimi keçirilib.
RİM-in xarici nümayəndəliyi Rusiya İqtisadi İnkişaf Nazirliyi ilə mərkəzin birgə hazırladığı konsepsiyaya uyğun olaraq prioritet ölkələrdə açılır və Azərbaycan da Rusiyanın məhsul və xidmətlərinin təşviqi üçün əsas MDB ölkələrindən biri kimi Rusiyanın məhsul və xidmətlərinin təşviqi üçün əsas MDB ölkələrindən biri kimi müəyyənləşdirilib. Öz növbəsində Azərbaycanda 19% ən yüksək idxal payına malik olan Rusiya da ölkəmizin əsas xarici ticarət tərəfdaşlarından biridir.
Açılışda çıxış edən P.Fradkov bildirib ki, Azərbaycanda RİM-in nümayəndəliyinin açılması ölkələrimiz arasında əmtəə dövriyyəsinə kömək edən əlavə güclü vasitə olmaqla yanaşı Rusiyanın qeyri-neft məhsulları ixracatçıları arasında maraq göstərə biləcək şirkətlərin Azərbaycan bazarına daxil olmasına yeni təkan verəcək və Rusiya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişafına kömək edəcək: “Bu da hər iki ölkənin xarici iqtisadi siyasətinin ən mühüm prioritetlərinə cavab verir”.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələr olduqca yüksək səviyyədədir: “Bunu iki ölkə arasındakı ticarət dövriyyəsinin artımı da əks etdirir. Bundan başqa, Rusiyada bu yaxınlarda Azərbaycan Ticarət Nümayəndəliyi də açılıb. Rusiya İxrac Mərkəzi Azərbaycanda ilk mərkəzdir və mərkəzin işinə uğurlar arzulayırıq”.
S.Oreşkin isə vurğulayıb ki, mərkəzin açılışı iki ölkə arasında iqtisadi əlaqələrin olduqca güclü olmasından xəbər verir: “Bu mərkəz gələcəkdə birgə istehsal zəncirlərinin yaradılmasına təkan verəcək”.
RİM-in Azərbaycandakı nümayəndəliyi Rusiya ixracatçılarına məhsul və xidmətlərin yerli bazara çıxarılmasında biznes missiyanı təşkilindən tutmuş maliyyə dəstəyi üzrə tədbirlərə qədər hərtərəfli dəstək göstərəcək.
Tədbirin sonunda Rusiya İxrac Mərkəzi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında niyyət memorandumu imzalanacaq.
Qeyd edək ki, bu ilin 10 ayın nəticələrinə əsasən Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2,1 mlrd. dollara çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 51% çoxdur. Bu məbləğdən təxminən 1,6 mlrd. dolları Rusiya ixracatının, o cümlədən 1,5 mlrd. dollar qeyri-neft və qeyri-enerji sektorunun payına düşür. RİM şirkətlər qrupuna daxil olan “EKSAR” agentliyi Rusiya şirkətləri tərəfindən Azərbaycanda reallaşdırılan layihələrə 322,5 mln. dollar “Roseksimbank” şirkəti isə 249 mln. dollar maliyyə dəstəyi göstərib