Fransanın “Alstom” şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə idarəçi direktoru Bernard Pelle müsahibəsini təqdim edirik:
- “Alstom” Azərbaycan hökuməti ilə bağladığı müqaviləyə uyğun olaraq ötən ilin dekabr ayında üzrə ilk lokomotivlərini ölkəyə çatdırıb. Həmin lokomotivlərin Azərbaycanın dəmir yollarında necə işləməsi ilə bağlı sınaqıar keçiriləcəkdi. Proses necə gedir?
- Bildiyiniz kimi, lokomotivlər sərnişin və yük növlərinə aid olur. Sərnişin lokomotovinin sınaqları yeni başlayıb, hələ də davam edir. Sınaqların 3 kV gərginliklə olan ilk mərhələsini çox güman ki, Novruz bayramına qədər başa çatdıracağıq, daha sonra isə 25 kV gərginliklə olan sınaq mərhələsinə başlayacağıq və bu iş 2-3 ay davam edəcək. Yük lokomotivinə gəlincə, onlardan ilk iki ədədi Azərbaycandadır, gedib depoda baxa bilərsiniz. Bu ay 3-cü lokomotiv də gətirilməlidir. Onların sınaqlarının bir hissəsi Qazaxıstanda, istehsal edildikləri zavodun yaxınlığında keçirilib, sınaqların qalan hissəsi isə burada keçiriləcək. Məncə, lokomotivlərin yerli şəraitə tam uyğun olub-olmadıqlarını, Azərbaycanın dəmir yollarında necə işlədiyini yoxlamaq üçün daha 4 ay vaxt lazımdır.
İlk “AZ8A” lokomotivi “Alstom”un Almatı yaxınlığındakı müəssisəsi ilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) arasında 50 lokomotiv, o cümlədən 10 ədəd “Prima M4 AZ4A” tipli sərnişin lokomotivi tədarükü barədə 2014-cü ildə imzalanmış müqavilə çərçivəsində çatdırılıb. “Prima T8” seriyasına aid olan “AZ8A” hazırda Qazaxıstanda istifadə olunan “KZ8A” lokomotivi bazasında yaradılıb və mənfi 25 dərəcədən müsbət 50 dərəcəyədək hava hərarətində işlədilə bilər.
“ADY” tərəfindən təqdim olunan texniki tələblərəı uyğun olaraq hazırlanan və 8,8 mVtlıq mühərrikilə dünyanın ən güclü elektrik lokomotivlərindən olan səkkiz oxlu “Prima T8” iki seksiyadan ibarət olub 9000 tonadək qatarı 120 km/saatadək sürətlə çəkmək iqtidarındadır.
- Gələcək tədarük planları barədə eşitmək maraqlı olardı.
- Bu il mart–aprel aylarına qədər 10 ədəd lokomotivin Azərbaycana çatdırılması nəzərdə tutulur. Yük lokomotivləri yeni göndərilməyə başladığından onların tədarük qrafiki bir qədər uzadılıb. Sonrakı 40 lokomotivin gətirilməsi çox güman ki, 2020-ci ilin sonuna qədər davam edəcək.
- Bakı–Böyük Kəsik dəmir yolu xətti boyu işarəvermə sisteminin modernləşdirilməsi barədə nə deyə bilərsiniz?
- Hazırda bu işlərdə iştirak etmirik. ADY hələ ki, tender elan etməyib. Əgər elan edilsə, sözsüz ki, biz də iştirak edib çox səmərəli hesab olunan planlarımızı təklif edərik. Hazırda ADY-nin texniki spesifikasiyalarını gözləyirik.
Hazırda Bakı – Böyük Kəsik magistral dəmir yolunun əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Eləcə də bax: SOCAR Azərbaycanın qlobal brendinə çevrilib
- Bakının Baş Planının hazırlanmasının I mərhələsi başa çatdırılıb, işlərin yeni başladığı II mərhələ paytaxtda tramvay xəttinin bərpasını nəzərdə tutur. Bu istiqamətdə hansısa yeniliklər varmı?
-Xeyr. Biz dünyanın iri tramvay istehsalçılarından biriyik, amma yeganə deyilik. Biz şəhərlərə texniki şərtlər, infrastruktur məsələlərilə bağlı təkliflər, yardımlar edə bilərik. 6 ay əvvəl olduğu kimi, biz indi də eyni mövqedəyik, yəni müzakirənin başlamasını gözləyirik. Bu məsələdə xeyli gözləntilərimiz var, çünki bizdə nəinki texnologiyalar, həm də sistem yaratmaqla bağlı zəruri biliklərimiz də var. Bu layihəni yaxın illərdə həyata keçirmək istiqamətində Bakı ilə əməkdaşlıq edə bilərik.
Bu yaxınlarda Dövlət Memarlıq və Şəhərsalma Komitəsinin sədri Samir Nuriyev Bakı Baş planı üzərində çalışmalar çərçivəsində tramvay xəttinin bərpası ilə bağlı aidiyyatı qurumlarla müzakirə aparılacağını bildirmişdi.
Bakı şəhərində tramvay xətləri 1924-2004-cü illər arasında mövcud olub. 2012-ci ilin fevral ayında hökumət Bakı şəhərində “Bakı Ağşəhər” layihəsi çərçivəsində Bakı bulvarı boyunca tramvay xətti çəkmək niyyətini bildirmişdi. Yeni xətt əvvəlki kimi paytaxtda əhəmiyyətli nəqliyyat yükü daşımayacaq.
- “Alstom” lokomotivləri “Böyük İpək Yolu” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı – Tbilisi – Qars (BTQ) dəmir yolu xəttində də işlədiləcək. Bu layihəyə dair “Alstom” şirkətinin mövqeyi necədir? Layihənin region ölkələri üçün əhəmiyyəti barədə fikirləriniz?
-Son 10 il ərizndə dəmir yollarında daşımaların artması, müxtəlif təkmilləşdirmə variantlarının tətbiqi çox mühüm prosesdir. Bu gün istər BTQ, istərsə də bütövlükdə “Böyük İpək Yolu” olsun, nəqliyyat dəhlizlərinə cəlb olunan Qafqaz və Mərkəzi Asiya ölkələrinin hər biri sərnişinlərin rahatlığını, yüklərin həcmini artırmaq üçün daşımaları daha da modern səviyyəyə gətirməyə çalışır. Əksər hallarda SSRİ vaxtlarından qalma dəmir yolu parkının da yenilənməsi üçün addımlar atılır. Bütün bunlar üçün külli miqdarda investisiya tələb olunur və sözsüz ki, həmin sərmayələr səviyyəli məhsullara yatırılmalıdır. Azərbaycan da bu yolla gedərək dəmir yolu parkını yeniləyir, sərnişinlərin rahatlığını yüksəldir, daşımaların vaxtını optimallaşdırır. “Böyük İpək Yolu” layihəsi Azərbaycan da daxil olmaqla iştirakçı dövlətlərə böyük fayda verəcək. Biz də ADY üçün lokomotivlər və başqa məhsullar tədarük etməklə bu layihənin inkişafına mühüm töhfə verəcəyimizi düşünürük.
Bakı – Tbilisi – Qars dəmir yolu bağlantısının açılış mərasimi 2017-ci ilin 30 oktyabr tarixində Bakı Beynəlxalq Dəniz Limanında keçirlib.
Azərbaycan, Gürcüstan, Türkiyə arasındakı hökumətlərarası saziş çərçivəsində həyata keçirilən bu layihə üzrə ilk mərhələdə illik yük daşımaları 6,5 mlnş. ton, sərnişin daşımaları isə 1 mln. nəfər nəzərdə tutulur.
- Azərbaycanla, “ADY” ilə gələcək əməkdaşlığa dair hansı planlarınız var?
- ADY ilə əməkdaşlığımız davam edir. Bununla yanaşı, Bakı şəhərində nəqliyyat sistemini təkmilləşdirmək, o cümlədən yüngül rels nəqliyyatı tətbiq etməklə əhalinin rahatlığını artırmağın yolları üzərində düşünürük. Bakı metrosu üçün də istər vaqonlar, istərsə də işarəvermə sistemi sahəsində mümkün töhfələrimizlə bağlı araşdırma aparırıq. Azərbaycandakı işlərə xeyli dərəcədə cəlb edilmiş vəziyyətdəyik, getdikcə də daha çox daxil oluruq. Hazırda yeni lokomotivlərin servisi sahəsini inkişaf etdirməyə çalışırıq. Məqsədimiz onları yaxın 40 il ərzində işlək vəziyyətdə saxlamaqdır. Qısası müştərilərimizə lazımi dəstək verməyə hazırıq.
“Alstom” maşınqayırma şirkəti enerji və dəmir yolu avadanlığı istehsalı sahəsində dünya liderlərindən biridir.