2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan 201,038 min ton mineral gübrə ixrac edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 2,2 dəfə çoxdur.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İxrac olunmuş mineral gübrələrin ümumi dəyəri $121 milyon 933,3 min (artım 5,4 dəfə) təşkil edib.
Bundan başqa, yanvar-iyul aylarında Azərbaycana $36 milyon 635,5 min dəyərində (artım 12,3%) 44 min 971,7 ton mineral gübrə (azalma 57,6%) idxal edilib.
Azərbaycanda mineral gübrə istehsalı ilə SOCAR-ın Karbamid Zavodu məşğul olur.
Zavod 2019-cu il yanvarın 16-da istismara verilib və həmin ilin iyun ayında karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik gəlirləri $160 milyon məbləğində proqnozlaşdırılır.
Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 197 milyon avro Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitin, 500 milyon avro borc vəsaitin, 80-85 milyon avro isə SOCAR-ın tikinti zamanı öz vəsaiti hesabına büdcəyə ödədiyi vergi və digər ayırmaların payına düşüb. (İnterfaks-Azərbaycan)