Aprelin 27-28-də Türkiyənin Antalya şəhərində Türkiyə-Afrika 1-ci kənd təsərrüfatı nazirlərinin iclası və biznes-forum keçiriləcək.
Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çeliyin dəvəti ilə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov tədbirdə iştirak etmək üçün Antalyada rəsmi səfərdədir.
Tədbirdə “Qida təhlükəsizliyinin təmin edilməsində kəndin birgə inkişafı”, eləcə də özəl sektorun nümayəndələri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri ətrafında müzakirələr aparılacaq, həmçinin aqrar sahənin davamlı və dayanıqlı inkişafının təmin edilməsi üçün xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması, o cümlədən Azərbaycan, Türkiyə və Afrika ölkələri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəyə çatdırılması məqsədilə fikir mübadiləsi aparılacaq.