Dekabrın 13-də "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov Qətər Mülki Aviasiya Administrasiyasının sədri Abdulla Nasser Turki Al-Subayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Fed.az-a verilən məlumata görə, qonaqları salamlayan Cahangir Əsgərov bildirib ki, Azərbaycan ilə Qətər arasında, həmçinin AZAL və Qatar Airways aviaşirkətləri arasında tarixən isti münasibətlər yaranıb. Onun sözlərinə görə, həm sərnişindaşıma, həm də yük aviadaşımaları sahəsində tərəfdaşlığın genişləndirilməsi üçün heç bir maneə mövcud deyil.
Abdulla Nasser Turki Al-Subay öz növbəsində qeyd edib ki, ilk dəfədir ki, Bakıda səfərdədir və Azərbaycanın paytaxtı onda çox böyük təəssürat yaradıb. O qeyd edib ki, səfərinin məqsədi Azərbaycan və Qətər arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlığın müzakirə edilməsidir.
Tərəflər mülki aviasiya sahəsində əməkdaşlığın Azərbaycan və Qətər arasında münasibətlərin intensivləşdirilməsinə və hərtərəfli inkişafına xidmət edəcəyinə əmin olduqlarını bildiriblər.
Azərbaycan və Qətər mülki aviasiya sahəsində əməkdaşlığı genişləndirir
17:51
13 Dek 2016