İran ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlıq yüksək səviyyəyə çatıb və başqa ölkələr üçün nümunədir.
Bu sözləri Azərbaycana səfərinin yekunları haqqında yerli mətbuata müsahibə verən İranın iqtisadiyyat naziri Məsud Kərbasian deyib.
Nazir bildirib ki, nəqliyyat, energetika, ticarət, səhiyyə, kənd təsərrüfatı, rabitə sahələrindəki əlaqələr yüksələn xətlə inkişaf edir. Buna misal olaraq, İran ilə Azərbaycanın Neftçalada inşa etdiyi avtomobil, Sumqayıtda farmoseftika zavodlarını göstərmək olar. Hər iki zavod yaxın gələcəkdə istifadəyə veriləcək.
Ticarət əlaqələrindən danışan nazir deyib ki, cari ilin ötən 9 ayında dövlətlər arasındakı ticarət dövriyyəsində 30 faiz artım müşahidə edilib.
Bakıda keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər barədə də məlumat verən M.Kərbasian iki ölkə arasındakı ticarətin milli valyutalar ilə aparılması, iranlı fermerlərin Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında iştirakı məsələlərinin müzakirə olunduğunu bildirib.
Qeyd edilib ki, indiyə kimi İran və Azərbaycan prezidentləri arasında 9 görüş keçirilib. Bundan başqa iki ölkə arasında 11 müştərək iqtisadi əməkdaşlıq forumu təşkil edilib, 40-dan çox əməkdaşlıq sənədi imzalanıb. İmzalanan sənədlər üzrə qarşılıqlı əməkdaşlıq davam edir.
M.Kərbasian İran-Azərbaycan dövlətlərarası müştərək iqtisadi komissiyanın növbəti iclasının yaxın zamanda Tehranda keçiriləcəyini vurğulayıb.