Bu gün Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə və Azərbaycanın bu ölkədəki fəxri konsulu Aydan Rzayeva ilə ölkənin beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells arasında görüş keçirilib.
XİN-dən verilən məlumata görə, avstraliyalı nazirə Azərbaycanın siyasi-iqtisadi uğurları, energetika, nəqliyyat və digər sahələr üzrə regionda həyata keçirilən iri layihələr barədə geniş məlumat verilib.
Həmçinin, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçı siyasəti barədə də məlumatlar verilib. Azərbaycan nümayəndələri ədalətli mövqeyi və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsinə görə Avstraliyaya minnətdarlığını bildiriblər.
K.F.Uells öz növbəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklənməsi məsələsində Avstraliya hökumətinin dəyişməz mövqeyini bir daha vurğulayıb. O, həmçinin Azərbaycanla həm siyasi, həm də ticarət-iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsində böyük maraq ifadə edib və dövlətlərarası münasibətlərin vacib hissəsi sayılan parlamentlərarası münasibətlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər həmçinin, Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindən sayılan qeyri-neft sektorunda əməkdaşlıq perspektivlərini müzakirə edib. Kənd təsərrüfatı, turizm, IT kimi sahələrdə əməkdaşlıq və Avstaliyanın təcrübəsindən yararlanmağın vacibliyi vurğulanıb.
Bundan başqa, Azərbaycanın multikulturalizm və tolerantlıq siyasəti barədə məlumat verilib. K.F.Uells Avstraliya multikulturalizm nazirinin keçmiş müavini olaraq müasir dünyada multikulturalizm dəyərlərinin təbliğ olunmasının vacibliyini anladığını qeyd edib və Azərbaycanın bu istiqamətdə səylərini dəstəkləyib.
Qeyd olunub ki, bu il Azərbaycan ilə Avstraliya arasında diplomatik münasibətlərin 25 ili tamam olur, eləcə də münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı üçün qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.