Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə “SpaceX” şirkətinin və “EXIM Bank”ın rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçiriblər.
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
FED.az xəbər verir ki, “SpaceX” şirkətinin vitse-prezidenti Stefani Bednareklə görüşdə qlobal çağırışlar və yeni trendlər fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühiti vurğulanıb.
Görüşdə “SpaceX” şirkəti ilə əməkdaşlıq imkanları, o cümlədən innovativ və kosmik texnologiyaların, süni intellekt həllərinin tətbiqi, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub.
Bundan başqa, Mikayıl Cabbarov və Rövşən Nəcəf ABŞ-nin İxrac - İdxal Bankının (“EXIM Bank”) prezidenti və sədrinin baş müşaviri Dan Neqreanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Görüşdə Azərbaycanda iqtisadi inkişaf və şaxələndirmə sahəsində həyata keçirilən işlər və nailiyyətlər haqqında məlumat verilib. Bildirilib ki, iqtisadiyyatda yüksək əlavə dəyər yaradan sahələr üzrə irəliləyişlər, xarici tərəfdaşlarla əlaqələrin gücləndirilməsi, böyük investisiya layihələrinin icrası üçün yeni perspektivlər açılıb.
Azərbaycanın strateji coğrafi mövqeyi, biznes və investisiya mühitinin keyfiyyətinin yüksəldilməsi də investorlar üçün üçün əlverişli şərait yaradır.
Görüşdə tərəflər qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsini dəstəkləyən alətlərin tətbiqi imkanları və əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.