Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının nümayəndələri ilə birgə Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin təqdimatı olub.
Nazirlikdən FED.az-a verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkədə dayanıqlı inkişafı təmin edən islahatlar paketinin uğurlarını diqqətə çatdırıb. Nazir aparılan islahatların iqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi şəraitində əmək ehtiyatlarından istifadə və məşğulluq imkanlarının artmasını stimullaşdırdığını vurğulayıb: “Ölkədə qeyri-neft sektorunun inkişafında özəl sektorun dövlət tərəfindən ardıcıl və hərtərəfli dəstəklənməsi, 2004-cü ildən ötən dövrdə sahibkarlara 2 milyard manatdan çox güzəştli kreditlərin verilməsi mühüm rol oynayıb. Nəticədə bu bölmənin ümumdaxili məhsulda xüsusi çəkisi 80 faizi ötməklə, onun məşğulluqda payı 75 faizə çatıb. Eyni zamanda, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul olunan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ölkənin bölgələrində inkişaf proseslərinin sürətlənməsinə səbəb olub. Xüsusən də aqrar sahənin dirçəlməsinə yönələn kompleks tədbirlər öz müsbət bəhrələrini verir. Bunun növbəti təzahürü kimi, təkcə cari ilin 6 ayı ərzində ölkədə kənd təsərrüfatı 2,2 faiz artıb. Eyni zamanda qeyri-neft məhsullarının ixracında 27 faiz, o cümlədən kənd təsərrüfatı məhsullarının ixracında 40 faizdən çox artım özünü göstərib”.
S.Müslümov diqqətə çatdırıb ki, qeyd olunan amillər, ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi, əkin sahələrinin genişləndirilməsi əhalinin 47 faizinin yaşadığı kənd rayonlarında xeyli sayda vətəndaşa məşğulluq və gəlirlərini artırmaq imkanı verib: “Misal üçün ölkənin kənd təsərrüfatı sektorunda çalışanların sayı ildən-ilə artaraq cari ilin əvvəlinə 1,7 milyon nəfəri ötüb. Ölkədə məşğul əhali tərkibində bu sektorda işləyənlərin xüsusi çəkisi 37 faiz təşkil edir. Ümumilikdə son 13 ildə görülən tədbirlər ölkədə işsizliyin 5 faiz səviyyəsinə enməsinə imkan verib ki, respublikamızın kənd rayonları üzrə bu göstərici daha da aşağıdır”.
Nazir həyata keçirilən aktiv məşğulluq proqramlarının da bu müsbət proseslərə fəal dəstək olduğunu vurğulayıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı 1400 nəfərə yaxın şəxsin ailə təsərrüfatlarını qurmaqla özünüməşğulluğuna imkan yaradıb ki, onların 84 faizinin biznes-planları məhz kənd təsərrüfatı sahələrini əhatə edir. Proqram çərçivəsində artıq 860 nəfərə aktivlər (mal və materiallar) verilib və onlar ailə təsərrüfatlarını qurublar. Hazırda da davam edən bu proses gələn ildən əhəmiyyətli şəkildə genişləndiriləcək. Belə ki, dövlət başçısı tərəfindən təsdiq edilən və növbəti ilin əvvəlindən qüvvəyə minəcək “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu indikindən dəfələrlə çox insanın ailə əməyinə əsaslanan təsərrüfatlarını qurmaları üçün özünüməşğulluq proqramına cəlb olunmasına əsaslı təminat yaradacaq. Onların da böyük əksıəriyyətini məhz kənd əhalisi təşkil edəcək ki, bu da aqrar sahənin inkişafına önəmli dəstəkdir”.
Dünya Bankı ilə əməkdaşlıqda icra olunan Kənd İnvestisiyaları Layihələrinin əhəmiyyətindən bəhs edən S.Müslümov ötən dövrdə bu layihələrin kənd rayonlarında sosial infrastrukturun yaxşılaşdırılması, eləcə də kənd rayonlarında ailələrin iqtisadi fəaliyyətinə, beləliklə, məşğulluğa dəstək verilməsi baxımından da xüsusi önəm kəsb etdiyini bildirib: “Hesab edirəm ki, Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsi də bu istiqamətdə növbəti mühüm işlərin görülməsinə yönəlib və layihə çərçivəsində aidiyyəti sahələrdə əməkdaşlıq məsələləri də diqqətdə saxlanacaq”.
Dünya Bankının Ölkə üzrə Meneceri Navid Həsən Naqvı ölkəmizdə kənd rayonlarında ümumi inkişaf proseslərinin təmin olunmasında, o cümlədən kənd təsərrüfatının inkişafında Kənd İnvestisiyaları Layihələrinin mühüm rol oynadığını qeyd edib. O, Layihələr üzrə aparılan işlərin nəticə etibarilə əmək bazarında da müsbət meylləri gücləndirdiyini, əmək resurslarının məşğulluğuna yeni imkanlar yaratdığını bildirib. N.H.Naqvı Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin də qeyd olunan sahələrdə uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.
Sonra Missiya rəhbəri Satoşi İşihara Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsini təqdim edib.
Tədbirdə layihədə nəzərdə tutulan müvafiq istiqamətlərdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin təqdimatı keçirilib
16:48
23 Avq 2017