“Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və Gürcüstanda əsas investorlardan biridir. Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasındadır”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda gürcüstanlı həmkarı xanım Salome Zurabişvilinin şərəfinə verilən rəsmi ziyafətdə deyib.
“Birgə həyata keçirdiyimiz irimiqyaslı enerji layihələri – Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri enerji resurslarımızın nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması baxımından çox əhəmiyyətli hadisələrdir. Bu gün icra etdiyimiz irimiqyaslı transmilli Cənub Qaz Dəhlizi layihəsi ölkələrimiz üçün böyük əhəmiyyət daşıyır. Hazırda uğurla icra edilən bu layihənin dörd elementindən üçü – “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri və TANAP layihələri başa çatdırılmışdır. Əlbəttə ki, enerji əməkdaşlığı layihələri digər sahələrdəki əlaqələrimizdə də çox mühüm rol oynayır”.
Prezident xüsusi olaraq iki ölkənin nəqliyyat sahəsindəki əməkdaşlığını qeyd edib:
“2017-ci ildə açılışını etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malikdir. Qitələri birləşdirən bu dəmir yolu Azərbaycanın və Gürcüstanın tranzit potensialını böyük dərəcədə genişləndirir. Bu gün artıq Bakı-Tbilisi-Qars dəmir yolu ilə göndərilən yüklərin həcmində artım hiss olunmaqdadır”.