Mayın 25-27-də Avstriyanın ən böyük şərab sərgisi "VieVinum 2024"də ilk dəfə olaraq Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin aparatı tərəfindən Azərbaycan şərabları nümayiş etdirilib.
FED.az xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, sərgidə Azərbaycanın 5 şərab istehsalçısının müxtəlif brendli şərabları ziyarətçilərə təqdim edilib.
Sərginin əsas ziyarətçiləri Avstriya, Macarıstan, Çexiya, Almaniya, Slovakiya və digər ölkələrdən olan şərab distributorları, şərab evlərinin sahibləri, şərab biliciləri (sommelier), HoReCa (hotel, restoran, keytrinq) nümayəndələri, üzümçülük və şərabçılıq üzrə təhsil alan tələbələr, tədqiqatçılar, şərablar üzrə məqalə müəllifləri, şərab turları təşkilatçıları olub.
Ziyarətçilərə Azərbaycanın şərabçılıq tarixi, hazırda şərabçılıq sektorunun inkişafı, yerli üzüm növləri, təqdim olunan şərablar və istehsalçılar haqqında geniş məlumat verilib.