Azərbaycan 2019-cu ilin yanvar-noyabr aylarında 114 min 314,17 ton AI-92 markalı avtomobil benzini idxal edib.
Eləcə də bax: Azərbaycana idxal edilən benzinin - GÖMRÜK RÜSUMU DƏYİŞİR
FED.az xəbər verir ki, “2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan $77 milyon 249,31 min dəyərində 114 min 314,17 ton AI-92 markalı avtomobil benzini idxal edib. $2 milyon 620,16 min dəyərində 4 min 171,1 ton benzin Türkmənistandan, $74 milyon 629,15 min dəyərində 110 min 143,07 ton benzin Rusiyadan idxal edilib”, - deyə məlumatda bildirilir.
2019-cu ilin II yarısında respublikaya AI-92 markalı avtomobil benzininin idxalı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun bir ay müddətinə planlı təmirə dayandırılması ilə əlaqədar SOCAR-ın ehtiyatların yaradılması planları ilə şərtlənmişdi.
Bunun üçün Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal edilən AI-95 və AI-92 markalı avtomobil benzini 2019-cu il sentyabrın 1-dən 90 gün müddətində gömrük rüsumundan azad edilib. Qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.
Bundan başqa, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və 92-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 manata endirilib.
SOCAR-a istinadən verilən məlumata görə, şirkət BNEZ-in planlı təmirə dayandırılması ilə əlaqədar olaraq Rusiya və Qara dəniz hövzəsi ölkələrindən Azərbaycana 120 min ton AI-92 markalı benzin idxal etməyi planlaşdırır. Zavodun təmirə dayandırıldığı oktyabrın 4-dən noyabrın 4-dək burada AI-92 markalı benzin istehsal edilməyib.
2018-ci ildə Azərbaycan $58 milyon 913,7 min dəyərində 72 min 596,05 ton AI-92 markalı avtomobil benzini idxal edib. Bu dövrdə AI-92 markalı benzin yalnız IV rübdə idxal edilib və bu, BNEZ-də təmir işlərinin aparılması ilə əlaqədar olub.
BNEZ-də yalnız AI-92 markalı benzin istehsal edilir.
İnterfaks