Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın ixracının dəyəri 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 727,2 milyon ABŞ dolları təşkil edib.
Eləcə də bax: Pambıq mahlıcı 1-ci, karbamid 2-ci, fındıq 3-cü olub - İXRAC İCMALI
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Qurum hazırladığı “İxrac icmalı”nın aprel sayına əsasən, son 1 ildə qeyri-neft sektoru üzrə ixracın dəyəri 225,6 milyon ABŞ dolları və yaxud 45% artıb.
2022-ci ilin I rübündə meyvə-tərəvəz məhsullarının ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 28,5% artaraq 124,9 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 10 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 63,9%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 48,7%, pambıq iplik ixracı 29,3%, pambıq lifi ixracı isə 5,6% artıb.
2022-ci ilin mart ayı üzrə ixracın dəyəri isə 2 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracın dəyəri 55,9% artımla 265,5 milyon ABŞ dolları olub. Ay ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri ötən ilin müvafiq ayı ilə müqayisədə 13,6% artaraq 48,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə 70,1% artaraq 216,7 milyon ABŞ dolları təşkil edib. (Report)