2018-ci ildə Azərbaycan Gürcüstan iqtisadiyyatına 240 mln. ABŞ dolları məbləğində investisiya qoyub.
FED.az xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.
Sənəddə deyilir ki, xarici investisiyalarda Azərbaycanın payı 19,5% təşkil edib və ölkəmiz 2015-ci ildən etibarən "Gürcüstanın bir nömrəli investoru" adını qorumaqdadır.
Bununla belə, 2017-ci illə müqayisədə Azərbaycanın qonşu ölkənin iqtisadiyyatına yatırdığı investisiyaların məbləğində 1,9 dəfə və yaxud 48,3% azalma qeydə alınıb.
Eləcə də bax: Azad İqtisadi Zona haqqında yeni qanun - HAZIRDIR
Azərbaycandan sonra Gürcüstana ən çox sərmayə qoyan ölkələr Böyük Britaniya ( 203,7 mln. dollar) və Niderland (167,9 mln. dollar) olub.
Ötən il Gürcüstanda xarici investisiyaların ümumi məbləği 1 232,4 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 34,9% azdır. Azalmanın əsas səbəbləri boru kəməri layihəsinin başa çatdırılması, bəzi şirkətlərdə mülkiyyət hüququnun qeyri-rezidentdən rezidentə transferi və qeyri-rezident birbaşa investorların öhdəliklərinin azalmasıdır.
Hesabat dövründə Gürcüstanda ən çox sərmayə yatrılan sahələrin ilk üçlüyünə maliyyə (277,9 mln. dollar), nəqliyyat (209,9 mln. dollar) və energetika (157,2 mln dollar) sektorları daxil olub.