Ötən ilin sonunda Azərbaycan Nigeriyaya 1 ton nar məhsulu ixrac edib.
Eləcə də bax: Türkiyə meyvə və tərəvəzdən - 2,26 MİLYARD DOLLAR QAZANIB
FED.az xəbər verir ki ,bu barədə "Azərtac"-a Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.
O bildirib ki, “Aqrar Tədarük və Təchizat ASC-nin fəaliyyət istiqamətlərindən biri də yerli istehsal kənd təsərrüfatı məhsullarının ixracının həyata keçirilməsidir: “Bu istiqamətdə Strateji Yol Xəritəsindən irəli gələn tələblərə uyğun olaraq ənənəvi ölkələrlə yanaşı, qeyri-ənənəvi ölkələrə məhsul ixracı üzərində araşdırmalar aparırıq. İxrac coğrafiyamızı genişləndirmək məqsədilə ötən il Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Fransa kimi ölkələrdə təşkil edilən sərgilərdə iştirak etdik, yeni əməkdaşlıqlar qurduq. 2019-cu ildə Birləşmiş Ərəb Əmirlikləri və Afrika ölkələrinə Azərbaycan istehsalı meyvə və tərəvəzin ixracını gerçəkləşdirdik. Nigeriyaya ilkin olaraq “Napoleon” sortundan olan gilasın qablaşdırılmış formada “Made in Azerbaijan” brendi ilə ixracını həyata keçirdik. Bu əməliyyat sınaq xarakteri daşıyırdı. İlin sonuna doğru 1 ton nar məhsulu da Nigeriyaya ixrac edildi. Hazırda digər Afrika ölkələrinə, eyni zamanda, ərəb ölkələrinə Azərbaycan məhsullarının ixracı üçün danışıqlar aparırıq”.