Neft və qaz hasil edən bütün ölokələrin qarşısında dayanan əsas məsələlərdən biri ölkənin neft-qazdan asılılığının azaldılmasıdır.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev iyulun 21-də Şuşada keçirilən qlobal media forumunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Azərbaycanın gələcək inkişafı ilə bağlı fikirlərini bölüşən prezident bildirib ki, neft sənayesinin iqtisadiyyatda önəmli yer tutan ölkələrdə bunu (neft-qazdan asılılığı azaltmağı) etmək o qədər də asan deyil. Amma bunsuz dayanıqlı inkişaf mümkün olmayacaq: «Çünki təbii resurslar bitən resurslardır, biz iqtisadiyyatın istənilən şəraitdə və vəziyyətdə dayanıqlı olmasını təmin etməliyik. Təbii ki, biz ehtiyat yaradırıq, valyuta ehtiyatlarımızı artırırıq, idarəetmə sistemini təkmilləşdiririk. Bütün bunlar bizə əlavə imkanlar qazandırır».
Dövlət başçısı bu prosesdə şəffaflığın artmasını və idarəetmənin təkmilləşməsinin əhəmiyyətini xüsusi qeyd edib, bu planda vergi və gömrük xidmətlərinin işini misal göstərib: «Statistik olaraq vergi və gömrük orqanlarının proqnozları həyata keçirmə qabiliyyətinə baxsanız, mənzərə kifayət qədər təsiredicidir. Artıq ilk il deyil ki, may və iyun aylarında biz büdcəyə əlavələri artım istiqamətində qəbul edirik və bunun əsası odur ki, vergi və gömrük orqanları planlaşdırılandan daha çox gəlir əldə etmişlər. Bu, yalnız və yalnız şəffaflıq və yeni idarəetmə yanaşması sayəsində mümkün olmuşdur».