Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) və “Bank Silk Way” ASC arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb. Bu barədə AZPROMO-dan məlumat verilib.
“Memoranduma əsasən, Azərbaycanın nar və nar məhsulunun dünya bazarında tanıdılması və ixrac miqyasının genişləndirilməsi üçün təbliğat tədbirlərinin keçirilməsi nəzərdə tutulur”, - məlumatda deyilir.
Nar, ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi tətbiq olunan mallar siyahısına aiddir.
2016-cı ilin oktyabr ayında Nazirlər Kabineti “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nı müəyyən edib.
Hökumətin qərarına əsasən ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3-6%-ni təşkil edir.Şəxslər ixrac təşviqinin alınması üçün bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib olunan ərizə ilə İqtisadiyyat Nazirliyinə müraciət edirlər.
Nazirlər Kabinetinin qərarına əsasən mallara aşağıdakı əmsallar tətbiq olunur: bal – 1,5, qurudulmuş meyvələr – 1,5, xurma – 1, nar – 1, unlu qənnadı məmulatları – 1,5, sirkə və ya sirkə turşusundan istifadə olunub-olunmamasından asılı olaraq konservləşdirilmiş meyvə və tərəvəz – 1,5-2, cemlər, mürəbbələr, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz-fındıq püresi, meyvə və ya qoz-fındıq pastası – 2, meyvə və tərəvəz şirələri, o cümlədən nar şirəsi – 2, souslar və ədviyyatlar – 2, təbii və ya süni mineral sular, qazlı sular - 1,5, alkoqolsuz içkilər – 1,5, şərab və digər spirtli içkilər – 2, Naftalan mazı – 2, təbii dəridən geyim əşyaları və digər məmulatlar – 2, pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları – 2, ipək – 1,5, xalça – 2.
İnterfax©