Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 124 928,05 min ABŞ dolları dəyərində 97 033,38 ton meyvə-tərəvəz ixrac edib.
Eləcə də bax: Azərbaycandan pomidor ixracı 2 dəfəyə yaxın - ARTIB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin yanvar-mart ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 28,5%, həcmi isə 7,9% artıb.
Qeyd edək ki, ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub. Hesabat dövründə 38 822,28 min dollar dəyərində 31 763,15 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 82,6% və 62,7% çoxdur.
Cari ilin yanvar-mart ayları ərzində 40 329,7 min dollar dəyərində (38,8% artım) 7 037,52 ton (artım 50,3%) meşə fındığı ixrac olunub. Ölkədən həmçinin 7 291,15 min dollar dəyərində 11 102,48 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 30% artım, həcm olaraq isə 21,4% azalma müşahidə olunub.
Bu ilin yanvar-mart aylarında ölkədən 29 533,91 min dollar dəyərində (7,3% az) 38 884,22 ton (azalma 8,2%) xurma ixrac olunub. Hesabat dövründə nar ixracının dəyəri 23,9% azalaraq 2 198,22 min dollar, həcmi isə 23,6% azalaraq 1 415,56 ton təşkil edib.
İxrac üzrə hesabata ötən ilin may ayından etibarən kartof da daxil edilib ki, bu kateqoriya üzrə ilin bu ilin ilk üç ayında 611,24 min dollar dəyərində 1 250,21 ton məhsul ixrac olunub. (Apa)