Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və "Azəriqaz” İstehsalat Birliyi arasında müqavilə imzalanıb.
FED.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 18 yanvar tarixində keçirilən mətbuat konfransında deyib.
Müqaviləyə əsasən, "Azəriqaz” İB-nin "Sayğacların müayinəsi laboratoriyası"nın idarə edilməsi AzMİ tərəfindən həyata keçirilir. Müqavilənin bağlanılmasında əsas məqsəd sayğacların müayinəsinin həyata keçirildiyi laboratoriyanın təchizatçı müəssisənin nəzarətindən çıxarılaraq bu prosesin müstəqil tərəfə ötürülməsindən ibarətdir. Müqavilə 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minib.
MTK-lar tərəfindən sayğaclara görə ödənişlərin tələb olunması ilə bağlı çoxsaylı vətəndaş müraciətlərinin araşdırılması nəticəsində binaların tikintisini həyata keçirən şəxslər tərəfindən antiinhisar qanunvericiliyinə zidd olaraq sayğaclara görə ödənişlərin tələb edilməsi halları müəyyən edilib. Vəzifəli şəxslərin əməllərində dələduzluq, vəzifədən sui-istifadə və istehlakçıları aldatma hallarının əlamətləri mövcud olduğundan Dövlət Xidmətinə daxil olmuş müraciətlər hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.