“Azexport.az” portalı fəaliyyətə başladığı iki ay ərzində sahibkarların ixrac imkanlarının artması ilə bağlı ciddi irəliləyiş əldə edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, portalın əldə etdiyi statistik rəqəmlər bu məlumatı verməyə əsas verir.
“Belə ki, Azexport.az fəaliyyətinə başlayandan sonra Azərbaycan məhsulların beynəlxalq platformalarda, o cümlədən Alibaba.com platformasında təmsil olunma səviyyəsi 50 dəfə artıb. Portalın statistik rəqəmlərə əsaslanaraq hazırladığı infoqrammadan göründüyü kimi, ötən ilin son aylarında qonşu ölkələrlə müqayisədə beynəlxalq portallarda Azərbaycan məhsullarının təmsil olunması ilə bağlı vəziyyət sürətlə yaxşılaşır. Çünki, Azexport.az portalı yüzlərlə “Made in Azerbaijan” brendini qlobal və regional səviyyəli elektron ticarət portallarında nümayiş etdirir”, - deyə məlumatda vurğulanıb.
Azexport.az-dan verilən məlumata görə, portalın hədəflərindən biri qısa müddətdə MDB məkanında “Made in Azerbaijan” brendinin qlobal “vitrində” ilk yerlərdə möhkəmlənməsini təmin etməkdən ibarətdir.