Azərbaycan məhsulları Moskvada keçirilən beynəlxalq qida məhsulları sərgisində nümayiş olunur.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanda istehsal olunan məhsullar fevralın 7-dən 11-dək 29-cu “ProdExpo-2022” beynəlxalq qida məhsulları, içkilər və onların Rusiyada və Şərqi Avropada istehsalı üçün istifadə edilən xammal sərgisində nümayiş etdirilir.
Moskvanın “Eksposentr” Mərkəzi Sərgi Kompleksində keçirilən sərgidə dünyanın 73 ölkəsindən 2700-ə yaxın şirkət iştirak edir.
AZPROMO-nun departament direktoru Tural Hacılının bildirdiyinə görə, Azərbaycan artıq dördüncü dəfədir ki, “Prodexpo” beynəlxalq sərgisində iştirak edir: “Bu dəfə sərgidə ölkəmizi 32 şirkət təmsil edir. Azərbaycan məhsulları sərgi iştirakçılarına “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunur. Bu il əsasən emal olunmuş məhsullar üzərində fokuslanmışıq. Stendimizdə ənənəvi məhsullarla yanaşı, zeytun yağı, pivə kimi yeni məhsullarımız da var. Rusiya bazarı ənənəvi bazar olmaqla yanaşı, Azərbaycan üçün ən vacib bazarlardan biridir. 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı rekord səviyyədə – 47% artaraq 2,7 mlrd. dollara çatıb. Bu, öz növbəsində, Rusiya bazarına da öz təsirini göstərib”.
“Made in Azerbaijan” adlı ekspozisiyada qida sənayesi, kənd təsərrüfatı məhsulları, o cümlədən pomidor, xurma, nar, qoz-fındıq, meyvə şirələri, zeytun yağı, şərab və digər spirtli və spirtsiz içkilər istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər öz məhsullarını rusiyalı alıcılara təqdim edirlər.
Rusiyalı istehlakçılar Azərbaycan məhsullarının keyfiyyətindən razılıq edirlər. Alıcılar daha çox çeşiddə Azərbaycan məhsullarını Rusiya bazarlarında görmək arzusundadırlar.
“Zdorovaya Natsiya” idxalçı şirkətinin direktoru Kirill Vasilyuk artıq səkkiz ildir ki, rəhbəri olduğu şirkətin Rusiyaya Azərbaycan məhsullarını ixrac etdiyini söyləyib: “Demək istəyirəm ki, Azərbaycan məhsulları çox yüksək keyfiyyətə malikdir. Sizin məhsullar bütün sınaqlardan uğurla keçir. Bir sözlə, Rusiya bazarına bu cür keyfiyyətli məhsullar idxal etdiyimizə görə qürur duyuruq. Çünki Azərbaycan məhsullarına Rusiya bazarında rəqib yoxdur”.
Qeyd edək ki, fevralın 11-dək davam edəcək beynəlxalq qida sərgisində Ermənistanın əvvəlcədən planlaşdırdığı təxribat baş tutmayıb. Ermənistan ərazisində istehsal etdiyi məhsulu yalandan qondarma Artsax ərazisində istehsal kimi qələmə vermək cəhdlərinin ölkəmizin Rusiyadakı səfirliyi, ticarət nümayəndəliyi və sərgi təşkilatçıları tərəfindən qarşısı alınıb.