İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ilə görüşüb.
Görüşdə İran nümayəndə heyətinin dekabrın 26-28-də ölkəmizə nəzərdə tutulan səfərinə, səfər çərçivəsində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclasının və Azərbaycan-İran biznes forumunun keçirilməsinə, eləcə də qarşılıqlı maraq doğuran digərə məsələlərə dair müzakirələr aparılıb.
Nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrin genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini vurğulayıb. Səhiyyə, maliyyə, bank, nəqliyyat, ticarət sahələrində mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirən Şahin Mustafayev Şimal-Cənub nəqliyyat dəhlizinin önəmli həlqələrinən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından (Azərbaycan) İran sərhəddinədək olan 8,3 km-lik dəmir yolu xəttinin tikintisinin yekunlaşmaq üzrə olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, nəqliyyat dəhlizinə bir sıra ölkələr də maraq göstərir. Şahin Musatafayev vurğulayıb ki, Azərbaycan-İran ticarət əlaqələri inkişaf edir və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Azərbaycan tərəfi Bakı və Tehran arasında uçuşların sayının artırılmasında, İranın digər şəhərlərinə də birbaşa uçuşların təşkilində maraqlıdır.
İranın rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi “Bakutel-2016” Sərgi və Konfransında iştirak məqsədilə ölkəmizdə səfərdə olduğunu və 10-a yaxın İran şirkətinin sərgidə iştirak etdiyini qeyd edib. Mahmud Vaezi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə görüşdüyünü və ikitərəfli əlaqələrin inkişafı istiqamətində müzakirələrin aparıldığını vurğulayıb. Son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində bir çox işlərin görüldüyünü qeyd edən İranlı nazir əlaqələrin genişləndirilməsi perspektivlərinə və Dövlət Komissiyasının növbəti iclasında müzakirə ediləcək məsələlərə dair fikirlərini bildirib.
Azərbaycan-İran əlaqələri müzakirə edilib
16:53
1 Dek 2016