2018-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyard 238,2 milyon manat və ya əvvəlki illə müqayisədə 4,4 faiz az vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 68 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olmuş, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 22 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 23 faiz artmışdır.
Ümumi sərmayənin 67,6 faizi məhsul istehsalı sahələrinin, 24,8 faizi xidmət sahələrinin, 7,6 faizi isə ümumi sahəsi 2084,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,7 faizini təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,7 faiz, bank kreditləri 11 faiz, büdcə vəsaitləri 25,8 faiz, əhalinin şəxsi vəsaitləri 8,2 faiz, büdcədənkənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil etmişdir.