Bu ilin yanvar-noyabr aylarında ölkədə 80 688,2 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Eləcə də bax: Azərbaycanda illik inflyasiya - 6%-İ KEÇİB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7%, qeyri neft-qaz sektorunda isə 6,4% artıb.
ÜDM istehsalının 41,6%-i sənaye, 10,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,8%-ini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 8 055,3 manata bərabər olub.
Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin real ÜDM üzrə proqnozlarına görə isə, neftin bir barelinin ortaillik qiyməti 50 ABŞ dolları götürülməklə hazırlanmış makroiqtisadi proqnoz göstəricilərinə əsasən, cari ildə Azərbaycanda real ÜDM 5,1% artacaq. 2022-ci il üçün isə ÜDM-in real artımının 3,9% olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, 2020-ci ölkədə real ÜDM 4,3% azalıb. 2019-cu ildə Azərbaycanda nominal ÜDM istehsalı 81,681 mlrd. manat təşkil edib, real ÜDM-in artım tempi isə 2,2% olub.