Azərbaycan Ümumi Daxili Məhsulun artım sürətinə görə, MDB dövlətləri arasında sonuncudur. FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu MDB statistika xidmətinin məlumatı əsasında xəbər verib.
Onun sözlərinə görə, artıq son 3 ildir ki, Azərbaycan iqtisadi artım tempinə görə, MDB dövlətləri arasında aşağı yerləri tutur. Bunu MDB Statistika Komitəsinin son açıqlamaları təsdiq edir. «Azərbaycanda iqtisadi artım tempi təmsil olunduğumuz post-sovet məkanı üzrə ən aşağı səviyyədədir.
Əslində, 2018-ci il üçün ÜDM-in artımı ilə bağlı Azərbaycan hökumətinin və beynəxlalq təşkilatların hesabatlarında bu il üçün 1,8-2 faizlik artım proqnozlaşdırılmışdı.
Lakin, gözləntilər özünü doğrultmadı və Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında ölkədə ÜDM 0,8 faiz artıb, o cümlədən qeyri-neft ÜDM-i 1 faiz artıb. Halbuki, ötən ilin eyni dövründə qeyri-neft ÜDM-i artım tempində 2,1 faiz qeydə alınmışdı».
Əhalinin adambaşına düşən ÜDM-də isə hətta azalma baş verib: «Əhalinin hər nəfərinə düşən ÜDM gəlincə, o bu ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə manatla 0,1 faiz azalıb. Bu isə o deməkdir, cari ilin ilk 10 ayında adambaşına iqtisadi artım olmayıb, əksinə 0,1 faizlik eniş qeydə alınıb».