Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) 2020-2022-ci illərdə audit olunmuş maliyyə hesabatlarından da göründüyü kimi, qurum həmin dövr üzrə fəaliyyətini 23.7 milyon manat xalis mənfəətlə tamamlamışdır. 2023-cü il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun olaraq hazırlanmış hesabatların auditi davam edir.
“Azərbaycan İnvestisiya Şirkəti” 24 layihəni təhlil edir
Qeyd edilib ki, gəlirlərin strukturuna baxdıqda, şirkətin 2020-2023-cü illər ərzində gəlirlərinin 42%-i (17.5 milyon manat) investisiya yatırdığı şirkətlərdən əldə etdiyi dividend, pay satışı və təsisçi borcu üzrə hesablanmış faizin ödənişindən formalaşıb.
2023-cü ilin 31 dekabr tarixinə şirkətin ümumi investisiya portfeli 325 milyon manat, o cümlədən səhm, pay portfeli və səhmə bərabər tutulan investisiya alətləri üzrə 228 milyon manat (70%), sabit gəlirli portfeli üzrə 80 milyon manat (25%) və sərbəst vəsaitlər üzrə 17 milyon manat (5%) təşkil edir..
2020-2023-cü illər ərzində AİŞ-ə 200-dən çox investisiya layihəsinə dair müraciət daxil olmuş, təhlillər nəticəsində 15 layihə ilə əlaqədar Müşahidə Şurası investisiya qoyulmasına dair qərar qəbul edib. Şirkətdə hər layihə üzrə yüksəkixtisaslı mütəxəssislər tərəfindən analitik təhlillər aparılır, bazar araşdırması həyata keçirilir. Yuxarıda qeyd olunanlarla birgə, ümumilikdə həyata keçirilmiş 15 layihənin ümumi investisiya dəyəri 805 milyon manat, AİŞ-in iştirak payı isə 70.4 milyon manat təşkil edir. Bu layihələrin böyük əksəriyyətini müxtəlif sənaye sahələrinə aid yeni qurulan layihələr təşkil edir və bu investisiyalar artıq inkişaf və ya tikinti mərhələsindədirlər.
Qabaqcıl texnologiyaların, avadanlıqların və nou-haunun xaricdən ölkəyə gətirilməsini təmin etmək, bu əsasda texnoloji strukturu yeniləmək, sənaye istehsalını canlandırmaq və artırmaq baxımından birbaşa xarici investisiyalar əhəmiyyətli rola malikdir. Bu cür investisiyaların cəlb edilməsi AİŞ-in prioritetlərindəndir. Hazırda şirkətin iştirak payı olan 15 layihədən 9-u xarici investisiya yatıran tərəfdaşlarla həyata keçirilir. Xarici tərəfdaşlarla həyata keçirilən bu layihələrin icrası nəticəsində Azərbaycana cəlb edilən birbaşa xarici investisiya məbləği ümumilikdə 410 milyon manat təşkil edir və bununla 1600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.