"Azərbaycan Gürcüstandan fərqli olaraq sərhəd keçid məntəqələrində təhlükəsizliyə daha çox önəm verir".
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və heaabatlılıq" tədbirində çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev deyib.
O, bu barədə Azərbaycanın sərhəd keçid məntəqərində nəqliyyat vasitələrinin çox qalması məsələsinə aydınlıq gətirərkən danışıb: "Öncə fikir vermək lazımdır ki, ölkələr hansı siyasəti həyata keçirir. Gürcüstan sərhəd keçid məntəqələrində fiskal siyasət həyata keçirir. Biz isə təhlükəsizliyə üstünlük veririk. Bəzən bizə deyirlər ki, niyə Gürcüstan sərhəddindən 1 dəqiqəyə keçmək olur, amma bizdə yubanmalar olur?! Səbəb budur - biz təhlükəsizliyə üstünlük veririk və bu da müəyyən vaxt alır".
İ.Babayev həmçinin qeyd edib ki, DGK qeydiyyat jurnalında hansısa avtomobil barədə məlumatı ləğv etmək üçün 4 nazirlikdən icazə alır və bu proses 3-4 ay çəkir: "Biz bir gecədə 27 jurnal, 18 sənəd ləğv etmişik. Əgər əvvəl sərhəd keçid məntəqəsindən 283 min maşın keçirdisə, bu gün bu rəqəm 1 356 minə qalxıb. Əgər avtomobil 60 dəqiqədən çox sərhəd keçid məntəqəsində qalırsa, avtomatik olaraq buna reaksiya verilir və izahat tələb olunur".