2019-cu ildə Azərbaycanda 3 min 175 kq qızıl hasil olunacaq ki, bu da 2018-ci ilin göstəricisindən 0,7% çoxdur. Bu barədə hökumətdən məlumat verilib.
Yenilənmiş proqnozlara əsasən, cari ildə respublikada 3 min 151 kq qızıl hasil olunacaq ki, bu da 2017-ci ilin göstəricisindən 2 dəfə azdır.
2018-2019-cu illərdə Azərbaycanda mis filizi və konsentratının illik hasilat həcmi 5 min 152 ton təşkil edəcək.
2017-ci ildə Azərbaycanda 6 min 390 kq qızıl, 2 min 62,5 ton mis filizi və konsentratı hasil edilib.
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yataqlarından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl isə 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.