Azərbaycanda spirtli içkilərin istehsalı ilə məşğul olan NZS şirkəti “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə Çinə 21 070 kq məhsul ixrac edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən FED.az-a verilən məlumata görə, şirkətin müraciəti əsasında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə inteqrasiya olunan İqtisadiyyat Nazirliyinin nümayəndəsi ixracatçıya məhsulun mənşə sertifikatının verilməsini təmin edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənurə Talıbova bildirib ki, prosedurların sadəliyinə və bütün sənədlərin bir məkandan qısa müddətdə verilməsinə görə, getdikcə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən istifadə edən sahibkarların sayı artır.
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində beynəlxalq baytarlıq və fitosanitar sertifikatları, keyfiyyət sertifikatı, mənşə sertifikatı, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın ixracına razılıq sənədi verilir. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin binasında (Landau küçəsi 16, Bakı şəhəri, tel: 012 521 28 48) fəaliyyət göstərir.